Medianews.az
Termodinamik günahlar
135 baxış

Termodinamik günahlar

Müşfiqabada gedən qaz xəttinin oğurlandığı haqda qaz idarəsinin məlumatı yalan çıxdı. Polis deyir araşdırdıq, durbalar yerindədir. Ancaq camaat hələ də qazanxanadan istilik ala bilmir. Onda belə çıxır istilik oğurlanmışdır. Bütün hallarda, ölkəmizdə termodinamikanın qanunları işləmir. Yoxsa necə ola bilər, qaz var, durba var, qazanxana var, idarə var, sən isə evdə büzüşürsən? 

Eyni zamanda, büzüşə-büzüşə dünyaya sığmırıq. Bunun özü termodinamikanın “kənardan enerji verilməsə əbədi mühərrik qayırmaq olmaz” ehkamına ziddir. Bəs biz 300 manat pensiya ilə ayda 1300 manatı necə xərcləyirik? Hələlik elm bunu izah edə bilmir.  

Sözgəlişi, termodinamikanın 2-ci qanununa görə qapalı sistemlərdə hissəciklərin bir-birinə sürtünməsi nəticəsində entropiya (daxili istilik) artır, temperatur qalxır və dağıdıcı hərarətlə molekullar arasında sabitlik pozulur. Zəhmət olmasa Operativ Qərargah növbəti antikovid addımları zamanı sərhədləri bağlı saxlayanda bunu nəzərə alsın.

Belə nadir elmi xüsusiyyətlərimiz çoxdur. Elə dünən həkimbaşının açıqlamasında birini gördüm. Deyir, bu il camaata 85 milyon tibbi xidmət göstərmişik. Ancaq pasiyent sayı 5 milyon imiş. Bəs bu necə olub? Yəqin hər dəfə iynə vuranda, sarğını dəyişəndə, nə bilim, qarşoku boşaldanda bu, yeni bir tibbi xidmət kimi hesaba alınmışdır. 

Min şükür. Dərindən minnətdarıq. Prinsipcə, biz gəzməyə qərib ölkəyə, ölməyə vətənə gəlirik, ziyanı yoxdur. Tibbi xidmət heç olmasa da incimərik. Onsuz hamımıza məlumdur, adamı Allah saxlayır, yüz il yaşamayanların günah özündədir, əri döyən arvadı adətən it də tutur, bir də gərək başını işlədib fikir-mikir kimi işlərə girişməyəsən, çünki xalqımızın inancına görə yüz fikir bir borcu ödəmir. (Xalqın rəyinə görə fikir adama başqa planlar da qurur, onları burda yaza bilmərəm, Milli Məclis mənəvi dəyərlər haqqında qanun hazırlayır, cəriməsi gəlir). 

Maraqlıdır ki, həkimbaşının statistik hesabatında bu il haqqında cinayət işi açılan rəhbər vəzifəli şəxslərdən danışılmamışdır. Məsələn, onlardan biri camaata saxta həkim lisenziyası satırmış, dəlləyi cərrah, ayaqqabı ustasını plastika həkimi, nə bilim, köşə yazarını kolonoskopiya üzrə alim kimi qeydiyyata alırmış. Allah bilir (yenə Allah - başqa kimimiz var, əlaqədar orqanlar sarıdan?), həmin zənən xeylaqlarının əməlləri sayəsində nə qədər insan ölüb, şikəst olub və sairə. Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmovanın Bakıda və bölgələrdə 5 milyon manatlıq əmlakının siyahısını açıqlamışdılar. Sanki elm yox, ev şöbəsinin, insan resursları deyil, mansard resursları şöbəsinin müdiri işləyibmiş. 

Ancaq nədənsə bu zənənlər ev dustağıdır, hansısa xarici təşkilatdan qanunsuz qrant almaqla suçlanan qadın jurnalistlər isə əsl türmədədir. Əlbəttə, yanlış anlaşılmasın, mən heç bunların da tutulmağını qətiyyən arzulamıram. Yuxarıda yazdığım kimi, əliəyrilik bizim mənəvi dəyərlərimizdən biridir. Lakin niyə qanun qarşısında hamı bərabər deyil? 

Keçən il Bakıda bir kafedə dava düşüb, aralaşdırmaq istəyən bədbəxtin başına dəmir əsa ilə vurub öldürüblər. İndi ağır cinayət məhkəməsi sizcə həmin caniyə neçə il cəza kəsib? 5 il! Təsəvvür elə. Adam öldürməyə 5 il. Hətta həmin maddənin (126.3) CM-də cəzası 9 ildən 12 iləcən göstərilməyinə baxmayaraq. Xəbərdə qatilin məlum bölgənin sakini olduğu yazılmışdı. Bunun cəzanın yüngüllüyünə təsiri olmuşdurmu? 

Burada problemə başqa aspektdən yanaşmalıyıq. Ölənə də azı 15-20 sutka həbs verilməliydi. Ya da, nə bilim, qəbrinə ziyarət qadağası... Zalım oğlu, axı niyə araya girirsən ki? Qoy bir-birlərini qırsınlar da bə. Bu cür sülhyaratma tədbirləri həm təkamülə, həm də milli dəyərlərimizə ziddir. Axı günah öləndədir! Sən isə araya girib özün ölürsən, imkan vermirsən dalaşanlardan biri ölsün, həqiqi günahkar aşkara çıxsın.

Onu da biləsiniz, “günah - öləndədir” termodinamikanın 4-cü qanunudur. AMEA-da kəşf olunub, paxıllığımızı çəkdikləri üçün Nobel vermirlər. 

Bizə qoşulun