Medianews.az
Töhmətli icra başçılarının siyahısı necə yenilənib?
306 baxış

Töhmətli icra başçılarının siyahısı necə yenilənib?

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət elan edib.

Fevralın 17-də yayılan rəsmi xəbərə görə, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə töhmətin əsas səbəbi kimi Suraxanıda sanitar təmizlik problemlərini, rayonun bəzi qəsəbələrinin paytaxt standartlarından geri qalmasını göstərib.

Eldar Əzizov eyni əsasla Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahova şifahi xəbərdarlıq elan edib.

1969-cu il təvəllüdlü Adil Əliyev Sankt-Peterburq Ali Hərbi Dənizçilik Akademiyasını (Rusiya), Daxili İşlər Nazirliyinin Polis Akademiyasını, Bakı Dövlət Universitetinin magistraturasını və aspiranturasını bitirib. Hüquq üzrə fəlsəfə doktorudur.

1992-1993-cü illərdə Hərbi Dəniz Qüvvələrində, 1994-2005-ci illərdə daxili işlər orqanlarında xidmət edib. 2005, 2010, 2015 və 2020-ci illərdə Milli Məclisin üzvü seçilib. 2020-2024-cü illərdə parlament sədrinin müavini postunu tutub. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə 8 iyul 2024-cü ildə təyinat alıb.

Medianews.az bildirir ki, töhmət və ya şiddətli töhmət intizam tənbehləridir.

Adil Əliyev son illərdə tənbehə məruz qalan beşinci icra başçısıdır.

Digər icra başçılarına töhmət və ya şiddətli töhmət ölkə Prezidentinin sərəncamları ilə elan olunub.

Prezident İlham Əliyev 2020-ci il aprelin 21-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova, 2022-ci il mayın 13-də Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevə və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevə töhmət elan edilməsi haqda sərəncamlar imzalayıb.

2025-ci il avqustun 29-da isə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadəyə şiddətli töhmət verilib.

Nahid Bağırova töhmət koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə elan olunub.

Anar Tağıyev və Alı Alıyev işdə yol verdikləri nöqsanlara görə töhmət alıblar.

Orxan Hüseynzadəyə işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət elan edilib.

Son illərdə yüksək rütbəli daha bir neçə məmur Prezident sərəncamları əsasında intizam tənbehinə məruz qalıb: 2017-ci ildə prezidentin işlər müdiri töhmət, 2021-ci ildə “Azərbaycan Televiziya və Radio Verilişləri”nin sədri, 2024-cü ildə “Azərenerji”nin prezidenti, 2025-ci ildə Dövlət Turizm Agentliyinin sədri şiddətli töhmət alıblar.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun