ABŞ Prezidenti Donald Tramp Çin tərəfindən onun Pekinə səfərini təxminən bir ay müddətinə təxirə salmasını istəyib.
Medianews.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə Tramp Ağ Evdə jurnalistlərə bildirib.
"Söhbət bir ay və ya təxminən belə bir müddətdən gedir", - deyə ABŞ lideri qeyd edib.
Donald Tramp izah edib ki, İranla davam edən hərbi əməliyyatlar səbəbindən o indi ABŞ-də qalmalıdır.
Xatırladaq ki, səfər ilkin olaraq 31 mart-2 aprel tarixlərinə planlaşdırılmışdı.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.