Soyuq havalarda dəridə müşahidə olunan solğun, mavimsi rəng dəyişiklikləri hər zaman sadə üşümə ilə bağlı olmaya bilər.
Qış aylarında bir çox insan əllərində, dodaqlarında və ya üzündə yaranan yüngül göyərməni “üşüdüm” deyərək diqqətdən kənarda qoyur. Halbuki bu dəyişiklik bəzən orqanizmin adi reaksiyası olsa da, daha ciddi problemlərin ilkin əlaməti kimi də ortaya çıxa bilər.
Medianews.az xəbər verir ki, mütəxəssislərə görə, soyuq mühitdə orqanizm həyati vacib orqanları qorumaq üçün qan dövranını ətraf nahiyələrdən mərkəzə yönəldir. Nəticədə dəridə göyərmə və ya mavimsi rəng yaranır.
Lakin bu hal tez-tez təkrarlanırsa və uzun müddət keçmirsə, bu, qan dövranı pozğunluğu — xüsusilə Reyno fenomeninin göstəricisi ola bilər. Bu zaman damarlar soyuğa qarşı həddindən artıq reaksiya verir, qan axını azalır və dəridə əvvəl ağarma, sonra göyərmə və sonda qızarma müşahidə olunur.
Həkimlər belə əlamətlərin sadə üşümə kimi qiymətləndirilməməsini və diqqətdə saxlanılmasını tövsiyə edir.
Medianews.az