WUF13 çərçivəsində keçirilən “Uşaqlar və gənclər” mövzusunda dəyirmi masada çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, müasir dövrdə “ev” anlayışı yalnız yaşayış məkanı deyil, uşaqlar üçün təhlükəsiz inkişaf, təhsil, qayğı və sosiallaşma mühitidir.
Medianews.az xəbər verir ki, o qeyd edib ki, sürətli urbanizasiya, iqlim dəyişiklikləri, sosial bərabərsizlik və münaqişələrdən ən çox təsirlənən qruplardan biri uşaqlardır. Bu səbəbdən şəhərsalma və mənzil siyasəti insan və uşaq hüquqları əsaslı yanaşma üzərində qurulmalıdır.
Bahar Muradova vurğulayıb ki, uşaqlar yalnız sosial siyasətin faydalanan tərəfi deyil, həm də şəhərlərin gələcəyinin formalaşmasında nəzərə alınmalı əsas iştirakçılardır. Onun sözlərinə görə, uşaqların gündəlik ehtiyacları və təcrübələri şəhər planlaşdırılmasına sistemli şəkildə inteqrasiya edilməlidir.
Komitə sədri əlavə edib ki, Azərbaycanın təqdim etdiyi “insan mərkəzli yenidənqurma modeli” post-münaqişə dövründə uşaqlar və gənclər üçün təhlükəsiz və perspektivli mühitin yaradılmasına xidmət edir. O bildirib ki, uşaqlar üçün uyğun və təhlükəsiz şəhərlər əslində hər kəs üçün daha yaxşı həyat deməkdir.
Müşfiqə Bayramova
Medianews.az
