Medianews.az
Xalq formasında hovuz
64 baxış

Xalq formasında hovuz

“Bir səhər sən idin,

Bir liman, bir də mən.

Sən getdin, tək qaldıq

Bir liman, bir də mən..."

(rəhmətlik Mirzə müəllimdən aktual mahnı)

Nazirlik elan edib ki, həftə sonu məktəblərdə dərs olmayacaqdır. Sanarsan, həftənin əvvəlində olurmuş. Müəllimlər məktəbə dərs deməyə, uşaqlar da oxumağa gedirmiş. 

Doğrudan, çox məzəli dövrdə yaşayırıq. Necə deyərlər, gördün, müqavimət çətindir, çalış, ləzzət al. Gördün, məktəbə getməyin mənası yoxdur, bacar, repetitor yanına get. Dəvədən soruşdular, niyə hər yerin düzdür, dedi, Azərbaycanda yaşayıram, Sumqayıt yolunda qutab sexi işlədirəm.  

Hələ bir təzə trend çıxıb: icra başçıları zəhmətkeşləri məhkəməyə verməyə başlamışlar! Fantastikadır. Məsələn, artıq orada-burada “başçının bizdən əkişdirdiyi pullar irin-qan olsun, burnundan gəlsin” deməyin azı 100 manat cəriməsi varmış. Beyləqan, Şabran və başqa rayonlarda icrabaşılar bu üsulla xalqa qalib gəlmişlər. 

Halal olsun. Gör nə dərəcədə hüquqi dövlətçilikdir! Başçı istəsə zəhmətkeşin salamat tikəsini qulağı boyda edər. Sürütdürüb qapısına gətirər, üzr istədər, TikTok-da paylaşar. Ancaq qanuni yola əl atır, məhkəməyə müraciət edirlər. 

Yəqin camaatdan təhqirə görə yığılan cərimələr sonra elə həmin camaatın sosial inkişafına, ünvanlı yardıma-zada sərf olunar. Büdcəni doldurmaq üçün yaxşı vasitədir. Elə icra hakimiyyətinin maliyyələşdirilməsi üçün də pulu buradan yığmaq olar. Məsələn, yol polisinin cərimələrində 25 faiz özlərinə qalan tipdə bir metodla: hər söyüşün pulundan 25 faiz icra hakimiyyətinə toplansın. Bunun adını Milli Söyüş Fondu (MSF) qoya bilərik. 

Beyləqanın icra başçısı Əziz müəllimi məhkəməyə üz tutmağa vadar edən cümlələrin analizi də, güman edirəm, məhkəmədə aparılmışdır. Gəlin biz də həmin maraqlı iddialarla - artıq məhkəmə tərəfindən təkzib olunsalar da - tanış olaq: “İcra başçısı varlıların icra başçısıdır, kasıbların yox”, “Mən bir dəfə görmədim ki, icra başçısı Əziz Əzizov şəhid ailəsinin qapısının qarşısına qrabil töksün. Büdcədə pul azdır?”, “Millətdən, xalqdan yediyiniz pulları hara xərcləyirsiniz?” Sitatın sonu. 

Yeri gəlmişkən, məncə, məhkəmə yumşaqlıq edib, zəhmətkeşi ana dilimizə hörmətsizliyinə görə üstəlik 100 manat cərimələsə, haqqı çatırdı. “Qrabil” nədir? Buna ana dilində “çınqıl” demək olmazmı? Bəlkə “qrabitel” (soyğunçu) sözünün təəssüratını oyatmaq istəmişdir? 

“İcra başçısı varlıların başçısıdır, kasıbların yox” iddiasına gələndə, bunu isbat eləmək çətindir. Gərək əvvəlcə DTX və Baş Prokurorluğun birgə məlumatı yayılsın, videolar nümayiş olunsun və sairə. Misal üçün, təzəlikcə Balakən icra başçısının kasıblarla işləmədiyini bizə aydın göstərdilər. 

O cümlədən millətdən yeyilən pulların xərclənmə istiqamətləri niyə milləti narahat edir? Çox gözəl xərcləyirlər. Biri villa tikir, o biri Londonda univermağın yarısını alır, üçüncüsü maşın kolleksiyası yığır və sairə. Pul olsun, xərcləməyə yer həmişə tapılar. 

“Göstərmək” yazdım, ağlıma gəldi, son günlər bir əski və sayın generalımızın qərdeşi oğlunu içəri basıblar, gömrüyü fırladırmış, bir-iki balaca, xudmani dəniz limanı var imiş. (Ələt limanı ayrıdır, şəxsi limanlar ayrı). Qardaşoğlunun bağ-bağatının, malikanəsinin səmadan görüntüsünü paylaşıblar, orada maraqlı bir detal var idi: Azərbaycan xəritəsi formasında hovuzlu fəvvarə. Ya da fəvvarəli hovuz - baxır yanaşmaya. Bizdə olmayıb, nə bilək adını? 

Başqa generallar da vaxtaşırı həyət-bacada bu cür temalarda hovuzlar düzəldirlər. Hətta biri Xəzər dənizinin balacasını düzəltdirmişdir. Bunun özü patriotizmin, vətənsevərliyin maketvari təzahürüdür. Azərbaycanda yaşasa da, daim istəyir Azərbaycan gözü qabağında olsun, içindən su fışqırsın. Xəzər qurusun, amma maketi bağda qalacaqdır!

Xalqın da belə balaca, Lego stilində fiqurlarını düzəldib bağa qoymaq olar. Canlı xalq, prinsipcə, daha məsrəflidir. Üstəlik, ağzına yiyə dura bilmir.  

Bizə qoşulun