Medianews.az
Xankəndi “SocGov 2026” beynəlxalq konfransına
110 baxış

Xankəndi “SocGov 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək

Bu ilin oktyabr ayında Xankəndi şəhərində “SocGov2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” adlı beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.

Medianews.az xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Bildirilib ki, ƏƏSMN-in tabeliyində DOST Agentliyinin təşkilatçılığı ilə keçiriləcək tədbir sosial idarəetmə, rəqəmsal transformasiya və innovativ həllər sahəsində beynəlxalq müzakirə və əməkdaşlıq platforması kimi nəzərdə tutulur.

Məqsəd sosial sahədə qlobal əməkdaşlığı və təcrübə mübadiləsini gücləndirmək, innovativ texnoloji həlləri təşviq etmək, inklüziv dəyərlərin möhkəmlənməsinə töhfə verməkdir. 

Tədbirdə rəqəmsal təhlil, süni intellekt, etik idarəetmə və data əsaslı qərarvermə kimi mövzular müzakirə olunacaq.

Konfransda müxtəlif ölkələrin, beynəlxalq təşkilatların, innovasiya və texnologiya sahəsində fəaliyyət göstərən tərəflərin nümayəndələri, ekspertlər və tədqiqatçıların iştirakı nəzərdə tutulur.

Tədbir çərçivəsində “Sosial sahədə süni intellekt əsaslı rəqəmsal həllər”, “Sosial könüllülük və vətəndaş təşəbbüsləri”, “Sosial inkişafa elmi töhfə”, “Regional sosial təşəbbüs” nominasiyaları üzrə müsabiqə keçiriləcək. Habelə “İlin gənc sosial innovatoru”, “Sosial transformasiya lideri/təşəbbüskarı”, “Sosial sahənin inkişafına davamlı töhfəyə görə” nominasiyaları üzrə fərdi mükafatlar veriləcək.

Müsabiqə qalibləri konfrans zamanı elan edilərək mükafatlandırılacaq.

Tədbir haqqında daim yenilənən məlumatları əldə etmək üçün DOST Agentliyinin rəsmi sosial media hesablarını (“Facebook”, “Instagram”, “X”) izləmək tövsiyə olunur.

Xatırladaq ki, SocGov (sosial idarəetmə) brendi çərçivəsində ilk beynəlxalq konfrans ötən il beynəlxalq təşkilatlardan,  20-yə yaxın ölkədən 450 nəfərədək şəxsin iştirakı ilə Bakı şəhərində keçirilib.\ Qafqazinfo.az

Bizə qoşulun