Türkiyənin tanınmış aktyoru Zafer Ergin səhhətində yaranan problem səbəbilə xəstəxanaya yerləşdirilib.
Medianews.az-ın məlumatına görə, 83 yaşlı sənətçi “Arka Sokaklar” serialının çəkilişləri zamanı qəfil özünü pis hiss edib.
Hadisədən sonra o, İstanbulun Şişli rayonunda fəaliyyət göstərən özəl tibb müəssisələrindən birinə aparılaraq həkimlərin nəzarətinə götürülüb. Aparılan tibbi yoxlamalar zamanı qan analizlərində infeksiya göstəricilərinin yüksək olduğu müəyyən olunub və həkimlər aktyorun bir neçə gün xəstəxanada qalmasını məqsədəuyğun hesab ediblər.
Bildirilir ki, tətbiq edilən antibiotik müalicəsi nəticəsində Zafer Erginin vəziyyətində nəzərəçarpacaq yaxşılaşma müşahidə olunub. Həkimlərin sözlərinə görə, aktyorun sabah xəstəxanadan evə buraxılması planlaşdırılır.
Məlumata əsasən, Ergin həftəsonunu evdə dincələrək keçirəcək. Səhhəti imkan verərsə, o, gələn həftənin əvvəlində yenidən serialın çəkilişlərinə qatılmağı düşünür.
Qeyd edək ki, Zafer Ergin uzun illərdir tamaşaçıların sevimli seriallarından olan “Arka Sokaklar”da “Rza Baba” obrazını canlandırır. Aktyor eyni zamanda bir vaxtlar “Kurtlar Vadisi” serialında yaratdığı “Karahanlı” obrazı ilə də yadda qalıb.
Medianews.az