Medianews.az
Yeni baş nazir konstitusiyanı dəyişmək istəyir –
200 baxış

Yeni baş nazir konstitusiyanı dəyişmək istəyir – TƏFƏRRÜAT

Macarıstanın yeni baş naziri Peter Macar konstitusiyaya dəyişikliklər təklif edib.

Təklifə əsasən, bir nəfərin iki dəfədən çox baş nazir olmasının önünə hüquqi sədd çəkilir.

Konstitusiyaya daxil ediləcək yeni müddəanın geriyə qüvvəsi də olacaq. Belə ki, 2 may 1990‐cı ildən bəri azı 8 il (aradakı fasilələr də daxil olmaqla) baş nazir vəzifəsində çalışmış şəxs bir daha bu vəzifəni tuta bilməz. Orban isə 20 il (əvvəlcə 4 il, sonra ardıcıl 16 il) baş nazir olub.

Beləliklə, hakimiyyəti dövründə Macarıstanı Avropanın geridə qalmış ölkələrindən birinə çevirən korrupsioner‐kleptokrat Viktor Orban bir daha baş nazir vəzifəsinə qayıda bilməyəcək.

Doğrudur, Macar Vətəndaş İttifaqı növbəti seçkilərdə parlamentdə üçdə iki səs çoxluğuna nail olarsa, konstitusiyanı yenidən dəyişə bilər, lakin bu ehtimal sıfıra yaxındır.

Son rəy sorğusuna görə, dövlət gücü əlindən çıxdıqdan sonra Macar Vətəndaş İttifaqının reytinqi 21 faizə geriləyib.

Konstitusiyaya təklif edilən digər dəyişiklik Orban hökumətinin "din‐iman, namus‐vicdan əldən gedir" populizmi ilə konstitusion orqan kimi yaratdığı Suverenliyin Müdafiəsi üzrə İdarənin ləğvinə yönəlib. Bu dövlət idarəsi xarici maliyyələşmə (Avropa Birliyi fondlarının və digər təşkilatların qrantları) ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin (siyasi partiyalar, media, QHT) fəaliyyətini araşdırmaq və onlar haqqında tədbir görmək səlahiyyətinə malik idi. Bu orqan ləğv olunacaq.

Daha bir dəyişiklik təklifi Orban dövründə guya "ictimai maraqlar"a xidmət edən ictimai fondların idarəçiliyinə verilmiş təhsil müəssisələrinin təkrar milliləşdirilməsini (dövlətin tabeliyinə qaytarılmasını) nəzərdə tutur. Bu fondlar Orbana yaxın şəxslər tərəfindən idarə olunurdu və məqsəd təhsil sistemində hakim partiyanın ideologiyasına uyğun tədris proqramının tətbiqi idi.

Bundan əlavə, baş nazir Peter Macar keçmiş hökumət üzvləri üçün qanunla nəzərdə tutulmuş işdənçıxma təzminatının ödənilməyəcəyini bildirib. Viktor Orban 197 min avro almalı, eləcə də dövlət hesabına ofis, avtomobil və sürücü ilə təmin olunmalı idi. Bunlar olmayacaq. Peter Macar deyib ki, "ölkəni dağıtmış və borclandırmış" Orban və komandasından kəsiləcək vəsait Ukraynanın Zakarpatye vilayətində macarların yaşadığı kəndin orta məktəbinə bağışlanacaq.

Şahin Cəfərli,
politoloq

Bizə qoşulun