Medianews.az
Yeni qalmaqal: Ukraynanın milyonlarla pulu və 9 kilo qızılı müsadirə olundu, 7 nəfər həbs edildi
201 baxış

Yeni qalmaqal: Ukraynanın milyonlarla pulu və 9 kilo qızılı müsadirə olundu, 7 nəfər həbs edildi

Macarıstan hakimiyyəti külli miqdarda nağd pul daşıyan iki zirehli avtomobili saxlayaraq yeddi Ukrayna vətəndaşını həbs edib. Kiyev bu addımı qanunsuz hərəkət və “girov götürmə” kimi qiymətləndirir.

Medianews.az-ın məlumatına görə, Macarıstanın Milli Vergi və Gömrük İdarəsi martın 6-da bəyan edib ki, pul yuma şübhəsi ilə yeddi Ukrayna vətəndaşı tutulub və iki zirehli inkassasiya avtomobili müsadirə edilib.

Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa isə vurğulayıb ki, tutulan şəxslər Ukraynanın dövlət bankı olan “Oşadbank”ın əməkdaşlarıdır. Onlar Avstriyadan Ukraynaya pul apararkən Macarıstan ərazisində saxlanıblar.

Nazir “X” sosial şəbəkəsində yazıb ki, bu hadisə “dövlət terroru və reketçilikdir”. Sibiqanın sözlərinə görə, tutulanların taleyi barədə dəqiq məlumat yoxdur.

“Oşadbank”ın yaydığı açıqlamaya əsasən, müsadirə edilən zirehli avtomobillərdə 40 milyon ABŞ dolları, 35 milyon avro və təxminən 9 kiloqram qızıl olub. Qızılın dəyəri hazırkı qiymətlərlə təxminən 1,5 milyon dollar təşkil edir.

Bank bəyan edib ki, bu vəsait dövlət bankları arasında həyata keçirilən adi maliyyə daşımalarının bir hissəsi olub.

Bəzi məlumatlara görə, avtomobillər Budapeştin mərkəzində, hüquq-mühafizə orqanlarının yerləşdiyi əraziyə yaxın yerdə saxlanıb. Bank əməkdaşlarının konkret harada tutulduğu barədə rəsmi məlumat hələ verilməyib.

Hadisə Macarıstanla Ukrayna arasında onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirib. İki ölkə Ukrayna ərazisindən keçən “Drujba” neft kəməri ilə bağlı mübahisə yaşayır.

Yanvarın 27-dən bu kəmərlə neft nəqli dayandırılıb. Ukrayna bunu Rusiya pilotsuz aparatının zərbəsi nəticəsində infrastrukturun zədələnməsi ilə izah edir və təmir işlərinin riskli olduğunu bildirir.

Macarıstan isə Kiyevi Rusiya neftinin tədarükünü qəsdən ləngitməkdə ittiham edir və neft axını bərpa olunmayana qədər əks tədbirlər görəcəyini bəyan edib.

Medianews.az

Bizə qoşulun