İyulun 25-də Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna dəyişiklikləri təsdiq edib. Dəyişikliyə əsasən, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək. Eyni zamanda elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatlar saxlanılacaq. Dövlət başçısı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin nümunəsini də təsdiqləyib.
Yeni şəxsiyyət vəsiqələrinin verilməsinə nə vaxtdan başlanacaq? Hazırkı şəxsiyyət vəsiqələrini yenisi ilə əvəz etmək məcburiyyəti olacaqmı? Yəni vətəndaşlar hazırda malik olduqları şəxsiyyət vəsiqələrini yeniləməyə borcludurlarmı? Əgər məcburiyyət olmayacaqsa, onda könüllü şəkildə şəxsiyyət vəsiqəsini yenisi ilə əvəz etmək istəyənlərə şərait yaradılacaqmı? Yoxsa vəsiqəni yalnız etibarlılıq müddəti bitdikdə yenisi ilə əvəzləmək mümkün olacaq?
Medianews.az saytı bu suallarla Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə sorğu göndərib.
Saytın sorğusuna belə cavab verilib:
“Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə daxil olmuş elektron müraciətinizə baxılmışdır. Bidiririk ki, Siz qanunvericilikdə nəzərdə tutulmuş sənədləri istənilən "ASAN xidmət" mərkəzində regional qrupa təqdim etdiyiniz təqdirdə şəxsiyyət vəsiqəsi ilə təmin oluna bilərsiniz”.
Nailə Qasımova,
Medianews.az