Bosniya və Herseqovinanın tərkibindəki Serb Respublikasının faktiki rəhbəri, “Müstəqil Sosial-Demokratlar İttifaqı” partiyasının lideri Milorad Dodik Ukrayna münaqişəsi ilə bağlı Qərbi Avropaya yönəlik kəskin ittihamlarla çıxış edib.
Siyasətçi "RİA Novosti"yə müsahibəsində Avropa ölkələrinin Ukraynadan yalnız Rusiya ilə qarşıdurmada vasitə kimi istifadə etdiyini bildirib.
Onun sözlərinə görə, Kiyev Avropa İttifaqı üçün “özünü qorumağın yeganə elementi”nə çevrilib: “Avropa Ukrayna hesabına ayaqda qalmağa çalışır”.
Dodik qeyd edib ki, Qərb münaqişənin əvvəlindən Ukrayna üzərindən Rusiya ilə müharibə aparmaq xəttini seçib və bu kurs bu gün də davam edir.
Onun fikrincə, Brüssel sülh danışıqlarına üstünlük vermək əvəzinə hərbi dəstəyi artıraraq müharibəni uzadır: “Məqsəd Ukraynanı qorumaq deyil, Rusiyanı zəiflətməkdir”.
Serb lider müharibədən sonrakı dövrlə bağlı da diqqətçəkən proqnoz verib. O bildirib ki, döyüşlər başa çatdıqdan sonra Avropanı ciddi daxili böhran gözləyir. Onun sözlərinə görə, qitə həm liderlik, həm resurs, həm də dəyərlər baxımından zəifləyəcək.
Dodik Avropanın gələcəklə bağlı aydın strategiyasının olmadığını da vurğulayıb. Hesab edir ki, Avropa elitaları geosiyasi rəqabətə fokuslanaraq demoqrafiya, iqtisadiyyat və sosial problemləri arxa plana atıb.
Beləliklə, Milorad Dodik Ukrayna böhranını Qərbin öz tənəzzülünü gecikdirmək cəhdi kimi qiymətləndirib. Onun fikrincə, bu siyasət uğursuz olacaq və nəticədə Avropa dərin sarsıntılarla üzləşəcək./publika.az