“Rusiya rəsmilərində ədəb-ərkandan əsər-əlamət qalmayıb, küçə xuliqanları səviyyəsində açıqlamalar verir, xalqların seçdikləri müxtəlif ölkələrin liderlərini təhqir edirlər”. Politoloq Elxan Şahinoğlu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident və keçmiş baş nazir Dmitri Medvedevin Ermənistanın baş naziri Nikol Paşinyanla Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvandakı görüşünü “iki beyinsiz rusofobun görüşü” adlandırması məsələsini Medianews.az-a şərh edərkən belə deyib.

E.Şahinoğlu qeyd edib ki, Medvedevin təhqirə keçməsinin səbəbi iki liderin danışıqları rus dilində deyil, ingilis dilində aparması olub: “Medvedev hər iki liderin ingilis dili səviyyəsini də məzhəkəyə qoyub. Görünür, Rusiyanın dövlət kanalında siyasi proqramın aparıcısı olan Vladimir Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb.
Kreml sahibi və onun ətrafı keçmiş SSRİ-nin tarixdə qaldığını qəbul etmək istəmir. Rusiya imperiyasının bərpası xülyasıyla yaşayanların “məntiqinə” görə, keçmiş SSRİ-yə aid dövlətlərin liderləri öz aralarında ancaq rus dilində danışmalıdırlar. Bunun özü imperiya təfəkkürünün tərənnümüdür. Liderlər arasında rus dilində danışan da, ingilis dilinə üstünlük verən də var. Ukrayna əraziləri Rusiyanın işğalı altındadır, müharibə tam şiddətiylə davam edir, Ukraynanın şəhər və qəsəbələri bombalanır, mülki insanlar həlak olur, belə olan halda Prezident Volodimir Zelenski niyə həmkarlarıyla işğalçının dilində danışmalıdır?”
Medianews.az