Medianews.az
Yolçunun qohum-əqrəbası
67 baxış

Yolçunun qohum-əqrəbası

Xaricdə belə afyorizm var, deyərlər bütün yollar Romaya aparır. Bizdə isə bütün yollar yol idarəsi müdirinin evinə gedib çıxır. Bəlkə bu səbəbdən biz dünya arenalarına çıxmaqda çətinlik çəkirik, hər dəfə Avropada əleyhimizə hansısa qətnamə-qərar düzəldilir.

Bəlkə yolların heç bir yerə gedib çıxmadığını dərk etdiyi üçün Nazirlər Kabineti də quru sərhədləri açmır. Çünki, lap açılsın, hara gedəcəyik? Yolumuz dalandır. El dilində yazsam, tupik.

İnanmırsınızsa, buyurun, bu informasiyanı diqqətlə oxuyun. Qəttəzə xəbərdir, demək olar bütün saytlarda çıxmışdır: “Saleh Məmmədovun AAYDA-da yüksək vəzifə tutan əmisi oğlu, 1 saylı Yol İstismar İdarəsinin müdiri Zaur Həmzəyev, xalası oğlu - 10 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəhbəri Araz Bəndəliyev, qardaşı oğlu - 9 saylı Yol İstismar İdarəsinin baş mühasibi Toğrul Həmzəli, bacısı - AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiri Təhminə Həmzəyeva, bacısı - "Azəryolelmitəhqiqatlayihə" İnstitutunun baş mühasibi Mətanət Həmzəyeva, yeznəsi - 3 saylı Yaşıllaşdırma İdarəsinin rəisi Ustubat Niftəliyev ötən həftə tutduqları vəzifələrdən azad ediliblər”.

“Qahım soyqırımı” bununla da bitməyib, 1 N-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-ni keçən həftə dibindən ləğv ediblər, nəticədə onun müdiri də işini itirmişdir. Dilavər Həmzəyev isimli bu yoldaş isə Saleh Məmmədovun yeznəsi imiş.

Sanki bu adamın qahım-əqrəbalarından başqa kimsə yol işindən baş çıxarmırmış. Nəsillikcə həyatlarını yola həsr ediblər.

Bəs bu Saleh Məmmədov kimdir? AXC-Müsavat cütlüyü dövründə maliyyə naziri vəzifəsini tutan Saleh Məmmədov... Zarafat edirəm, əlbəttə, o Saleh müəllim doğrudan da əməli-saleh bir insandır, hətta 1989-cu ildə Narxozda ilk üzləşdiyim şəxs olaraq həmişə xoş xatırlayıram. O vaxt gənc Saleh müəllimi instituta sənəd qəbulu komissiyasına sədr qoymuşdular, mənim isə hansısa sənədim qaydasında deyildi. 300 kilometr yolu geri qayıdıb rayonda bunu həll etməliydim, ictimai nəqliyyatın çox bərbad olduğu həmin dövrü xatırlayanlar, xüsusilə, narahat “İkarus” avtobuslarında bəzən ortaya bir taxta qoyub onun üzərində səfər etməyə məcbur olanlar məni başa düşdülər. Ancaq Saleh müəllim sovet hökumətinin mənasız bürokratiyasını dərhal mənim xeyrimə həll elədi və rayona getmək lazım olmadı.

Bu Saleh Məmmədov isə bizim yol idarəsinin müdiri idi, yol açmaq yox, yol bağlamaqla məşğul olurdu, nəhayət fevralda işdən atdılar. İndiki müdir də onun idarənin yollarına səpələdiyi qahım-daşları toplamaq, qırağa atmaqla məşğuldur. Hamının qahımı vardır...

Qohumbazlığın, tayfabazlığın miqyasını görürsünüzmü? Lap hesab edək bunun bir-iki əqrəbasında həqiqətən yolçuluq (yol mütəxəssisi anlamında) istedadı varmış, bəs bu yolçuluğun (dilənçilik, korrupsiya mənasında) səbəbi nədir?

Sözgəlişi, Saleh Məmmədov yolbaşı işləyən dövrdə mediada onun barəsində bir ekzotik xəbər də çıxmışdı: 57 yaşında BDU-nun hüquq fakültəsini bitirib! Deməli tabeliyində qohum çalışdırmağın korrupsiya əməli olduğunu hər halda bilməli idi. Ta mən “bu adam ora hansı yolla girib, test imtahanından neçə bal toplayıb” kimi gülməli sualları vermirəm – Məleykə xanımı işindən ayırmayaq, sezondur.

Yoldan söhbət düşdü, 90-cı illərdən bir xatirənin də yeridir. O vaxt mən indi ləğv edilən Tərcümə Mərkəzinin ədəbi orqanı olan “Yol” qəzetində çalışırdım, bir gün redaksiyanın maşınında hazır nömrəni nəşriyyata apardığımız məqamda yol polisi bizi saxlatdırdı. Baş redaktorumuz, şair Vaqif Bayatlı avtomobildə idi, vəsiqəsini çıxarıb polisə göstərməyə məcbur oldu. (Nəsə fövqəladə vəziyyət idi, biz isə postdan keçməliydik, söhbət uzana bilərdi). Polis vəsiqəni aldı, soruşdu ki, bu “Yol” nə qəzetdir belə, Vaqif bəy zarafat eləmək qərarına gəldi: “Sizin qəzetdir – yol polisinin qəzetidir”. Polis bizə əsgər salamı verib hörmətlə buraxmışdı.

Bizə qoşulun