Medianews.az
Zilə çıxma, Ararat! - Və ya barmaq göstərəndə biləkdən yapışanlar
153 baxış

Zilə çıxma, Ararat! - Və ya barmaq göstərəndə biləkdən yapışanlar

Ötən ilin aprelində Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Qarabağ separatçılarının aksiya keçirmək niyyətinə reaksiyası zamanı öz komandasına qəti tapşırıq vermişdi. Bildirmişdi ki, “Onlar küçələrdə çox qışqırmağa başlasalar, bununla düşməni (Azərbaycanı nəzərdə tutur - red.) qəzəbləndirəcəklər”.

Əslində “Qarabağ erməniləri Ermənistanda yaşamalıdırlar”, deyən Nikol Paşinyanın reallığı ermənilərin hamısından tez dərk eləyərək, xəbərdarlıq etməsi normal hal idi. Elə belə münasibətinin nəticəsində o, Azərbaycan Prezidentinin irəli sürdüyü sülh təşəbbüslərinin bəhrəsini görməkdədir: Vaşinqton razılaşmasından tutmuş, taxıl dəhlizinə, yanacaq alış-verişinə, Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nı almasına, ən nəhayət, Sülh Şurasının iclasına dəvət olunmasına qədər. Yoxsa kim idi Paşinyanın adını dəftərə yazan? Xatırlayırdıq, Trampla şəkil çəkdirməkdən ötrü daha hansı üsullara əl atmırdı...Gəlsin, Azərbaycan Prezidentinə ömrü boyu minnətdar olsun! Düzdür, həm Ermənistanın baş naziri, həm də prezidenti beynəlxalq tədbirlərdə, yaxud elə ölkə daxilindəki toplantılarda Azərbaycana, cənab İlham Əliyevə dəfələrlə təşəkkür ediblər, hətta onun sözünün üstünə söz deməyi düzgün saymadıqlarını söyləyiblər. Bu yerə qədər normal saymaq olar. Amma...

sx2IvIoLKk0bwkFCxBdoJLu51Qjxj8uIs7wQsNXD_1200.jpg (64 KB)

Baxırıq ki, Qarabağın separatçı liderlərinin mühakiməsi və onlara elan olunan hökmə münasibətdə Paşinyan komandasının üzvləri vaxtaşırı nələrsə mızıldanırlar. Məsələn, Ermənistanın XİN başçısı Ararat Mirzoyan BMT-nin İnsan Haqları Şurasının iclasında deyib ki, 19 erməninin Bakıda saxlanması Ermənistanla Azərbaycan arasında barışıq prosesini çətinləşdirir. Onun sözlərinə görə, iki ölkənin hökumətləri arasında imzalanmış və hazırlanmaqda olan sazişlərlə yanaşı, iki cəmiyyət arasında “səmimi dialoqun və sülhün bərqərar olmasının əsasları” qoyulub.

“Buna baxmayaraq, münaqişənin ağrılı humanitar nəticələrini hələ də aradan qaldırmaq lazımdır və keçmişin yaraları sağalmalıdır - biz çətin barışıq yolunu seçmişik. Bu, əlbəttə ki, 19 erməninin hələ də Bakıda saxlandığı, itkin düşmüş və zorla itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməli olduğu bir vaxtda çətindir”, - Mirzoyan daha sonra deyib.

235ab110-8587-3f32-baef-38fa63ed8ac3_1200.jpeg (191 KB)

Erməni nazirin sözlərinə görə, “təhrif olunmuş tarixi ritorika ilə də proses mürəkkəbdir”.

Eyni zamanda Mirzoyan qeyd edib ki, Ermənistan sülhün bərqərar olmasına sadiq qalır və belə bir atmosfer mövcud problemlərin daha tez və effektiv həllinə kömək edər.

Belə görünür ki, Ararat Mirzoyan çox “zil”ə çıxıb. Burada deyiblər, “barmaq göstərirsən, biləkdən yapışır”. Azərbaycan onun ərazilərini 30 ildən artıq işğalda saxlayan – təbii ki, havadarlarının köməyi, gizli və açıq dəstəyi ilə - Ermənistana münasibətdə xeyli humanist davranış sərgiləyib. Bunu nədənsə çəkindiyi üçün, yaxud ermənilərin hansısa vədlərinə inandığına görə etməyib, sadəcə bölgəyə sülhün daha çox gəlişi naminə bir sıra addımlar atılıb. Hətta Xocalı soyqırımında iştirak etmiş erməni caniyə hökm elan olunsa da, onun səhhəti və yaşı nəzərə alındı, daha üç erməni ilə birgə İrəvana təhvil verildi. Bütün bunlardan sonra Ararat Mirzoyanın Ermənistanı “daha çox sülh tərəfdarı” kimi təqdim etməyə cəhd göstərməsi, Azərbaycanda ədalətli məhkəmə qarşısında dayanmış və layiqli cəzalarını almış şəxslərin məsələsini BMT müstəvisində gündəmə gətirmək cəhdi qəbulolunmazdır, yumşaq yazsaq! Özü də BMT nə zamandan şikayətlərin ünvanı olub? Azərbaycanın yanında danışmağa dili yoxdur bu qurumun. Bəlkə 4 qətnaməni icra edib, xəbərimiz yoxdur?! Erməni diplomat ayıbına kor olmalı idi və Azərbaycana qarşı saysız cinayətlər törətmiş separatçılar barəsində danışmamalı idi. Hətta danışmışdısa da, ona ilk tutarlı cavab elə BMT təmsilçilərindən gəlməli idi. Təhlükəsizlik Şurasının qətnamələrini ayaqlar altına atanlar indi durub hansısa “insan haqları”ndan bəhs edirlər! Bəs, Qarabağda başına fəlakətlər gətirilən yüz minlərlə azərbaycanlının hüquqları yox idimi? Üç gün sonra 34 ili tamam olan Xocalı soyqırımında qətlə yetirilən 5 yaşlı körpə qızcığazın hüquqları necə? Hələ onun kimliyi belə dəqiqləşdirilməyib e, bütün nəsil-nəcabəti yox edildiyinə görə!

xocali_qiz_2.jpg (97 KB)

Heç olmasa indiki həssas durumda canilərdən danışıb, ürəyimizi bulandırmasınlar, əgər doğrudan da sülh istəyirlərsə! Qarabağdakı separatçılar elə ordakı erməniləri də girov saxlayırdılar, sülhün əbədi mövcudluğu üçün onlara Ermənistanda da qiyabi hökm çıxarılmalıdır, Ararat Mirzoyan!!! Özü də yalnız onlar mühakimə olunmamalıdır. Bu cinayətkarların böyükləri İrəvan küçələrindədir: Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan. Törətdikləri Xocalı soyqırımına görə onların Bakıda, Ədalət Məhkəməsində mühakimə olunması üçün hüquqi addımlar atmalıdır, Paşinyan hakimiyyəti. Özü də bu şəxslər vaxtilə Azərbaycan vətəndaşı olublar və cinayətləri Azərbaycan ərazisində törədiblər. Ermənistan sülh istəyirsə, öhdəliklərindən daha birini icra etsin, yoxsa yeni nağıllar uydurmasın.  

Qarabağda özünü  “prezident” elan etmiş Arayik Arutyunyan, “müdafiə ordusunun keçmiş komandanı” Levon Mnatsakanyan, onun müavini David Manukyan, “parlamentin keçmiş sədri” David İşxanyan və keçmiş “xarici işlər naziri” David Babayan ömürlük həbs cəzasına məhkum ediliblər. Onlar güllələnmə cəzasını haqq ediblər! Amma Azərbaycanda bu cəza ləğv edilib. Səhra qanunları onlara qarşı tətbiq olunmayıbsa, haylar və haypərəstlər dillərini qarnına qoyub, sussunlar! Bu separatçıların rəhbərliyi altında azərbaycanlı qadın, uşaq, qocaların, minlərlə igidlərimizin həyatına son qoyulub.

Eae9BwQYepm5oLIbR6qeCpSAcgmsOtSbPY5wmBh8_1200.jpg (72 KB)

Keçmiş “Dağlıq Qarabağ”ın keçmiş “liderləri” Arkadi Qukasyan və Bako Saakyanın hər biri 20 il müddətinə azadlıqdan məhrum ediliblər. Azərbaycan qanunları yaşı 65-dən yuxarı olan şəxslərin ömürlük həbsinə icazə vermir. Bu faktın özü dövlətimizin beynəlxalq hüquqa necə böyük dəyər verdiyini göstərir. Ermənilər işğal zamanı o qədər yaşı 65-i keçən vətəndaşlarımızı qətlə yetiriblər ki...Məhkəməsiz-filansız, bir çoxlarının məzarı belə məlum deyil. Mədət Babayan və Məlikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Kazaryan 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Kəlbəcərə, öz yurdlarına gedən üç azərbaycanlının birini – Həsən Həsənovu -  qətlə yetirən ermənilər sonradan digər iki nəfərin (Dilqəm Əsgərov və Şahbaz Quliyev - red.) birinə ömürlük, digərinə 23 il həbs kəsmişdi. İndi Mirzoyan müqayisə etsin, hansı cəzalar daha ağır gəlir?! 

0I6HFhqsJlFH6BDfXO3QSpIyUnyB5kjwZnRutPRd_1200.jpg (41 KB)

Yeri gəlmişkən, ötən ilin sentyabrında təqsirləndirilən David Manukyan Ermənistan Respublikasının vətəndaşı Nikol Vova oğlu Paşinyanın  - Baş nazir Nikol Paşinyanın -  şahid qismində çağırılmasını, yaxud videokonfrans vasitəsilə məhkəmə prosesinə qoşulmasını məhkəmədən xahiş etmişdi. Paşinyan onların yolunu gözləmir.

PASİN SON.jpg (202 KB)

Bilir ki, Vardanyan və digərləri İrəvana göndərilsə, Köçəryan-Sərkisyan-Ohanyan-Şahramanyan və digər revanşistlərlə birləşib, onun “pişiyini ağaca dırmaşdıracaqlar”. Belə olduğu halda, Mirzoyanın hansı məqsəd güddüyü məlum deyil. Əslində bununla həm sülhə, həm də Paşinyana problem yaratmış olur. Erməni baş nazir ondan hesabat istəyəcəkmi? Gözləyək...

Elşad PAŞASOY

Bizə qoşulun