Yaxud, Nizami Gəncəvinin dostunun oğlu ilə tanışlığımın tarixçəsi
Deyir planetin ən yaşlı sakini 136 yaşında rəhmətə getmişdir. Bizim üçün bu xəbəri maraqlı edən isə onun... Azərbaycan vətəndaşı olmağıydı. Sən demə, ən uzunömürlü sakin burada yaşayırmış, biz bilməmişik. Dünya ictimaiyyəti də, həmçinin, bu ədalətsizliyə susur.
136-dan 60-65 il çıxanda təxminən 70-75 il edir, deməli bu vətəndaşımız bu qədər müddət pensiya almağı bacarmışdır. Halal olsun, eyni zamanda, hərəmiz belə yaşasaq hökumət qulluqçuları nə edər? Yazıqların pulu qalmaz, ömürləri qısalar. Halbuki məhz bizim 136 il yaşamağımız onların xidmətidir.
Mənə elə gəlir bu rəqəmdə bir qədər azaltmaya da yol verilmişdir- sosial inkişafımıza göz dəyməsin deyə, güman edirəm rəhmətə gedən yoldaşın aşağısı 200 yaşı varmış. Ya da 300. Bəlkə də 800. Azərbaycan uzunömürlülər diyarıdır. Ona görə hər il pensiya yaşı qaldırılır.
Zarafat eləmirəm, 1990-cı illərdə mən bir qəzetdə əhalinin məktubları və şikayətləri şöbəsinə məsul şəxs idim, bir gün qəbula dəri plaşda, panamalı, hündürboy, orta yaşlı bir kişi gəldi. Kresloya əyləşən kimi dərhal bildirdi ki, atası... Nizami Gəncəvi ilə dost olub.
Dedim bəlkə yanılır, atası yox, babası olub, razılaşmadı və sözünü isbat üçün kamali-ədəblə, olduqca mədəni şəkildə pencəyinin döş cibindən bir fotoşəkil çıxartdı. Bu, Nizaminin hazırda istifadə edilən populyar rəsminin ağ-qara fotosurəti idi. Ən maraqlısı isə rəsmin arxasındakı xatirə yazısı idi: “Farxadu ot Nizami”. Yəni, Fərhad kişiyə Nizamidən yadigar. Fərhad həmin yoldaşın atasının ismi imiş.
Təbii ki, mən Nizaminin avtoqrafı niyə rusca yazdığını soruşmadım. Qorxmağa başladığım üçün yox, Nizami prinsipcə rus dilində də yaza bilərdi, rəhmətliyin onsuz bizim dildə nəsə yazdığı tapılmayıb. Ancaq həmin populyar rəsmi Azərbaycan SSR xalq rəssamı Qəzənfər Xalıqovun 1940-cı ildə çəkdiyi barədə məlumatım var idi, çünki dahi şairin dövründən hər hansı rəsmi bizə gəlib çatmamışdır.
Sözgəlişi, elə həmin 1940-cı illərdə sovet antropoloqu Mixail Gerasimov Nizaminin qəbrinin açılmasında iştirak edib və kəllə sümüyünü şairin dəqiq portret və üz görkəminin yaradılması üçün Leninqrada aparıb. Bəzi şayiələrə görə, kəllə o vaxtdan itib və hazırda Gəncədəki məqbərədə yoxdur. Gerasimov Əmir Teymurun kəllə sümüyü əsasında portret və büstünü hazırlayıb, lakin nədənsə bu prosesi Nizaminin timsalında tamamlamayıb.
Uzun sözün qısası, şairin rəsmini Xalıqovun bir ağcabədili axunda baxıb yaratdığı ədəbiyyatşünaslıq elmimizə məlumdur, ona görə qəbula gəlmiş personajla növbəti dəqiqləşdirməyə zəif cəhd elədim: “Bəlkə bu, həmin axundun rəsmidir və atanız onunla dostluq edib?”.
Artıq bu mənasız sorğu-sualdan əsəbləşdiyi hiss edilən yoldaş ağzımı birdəfəlik yummaq üçün cibindən növbəti sübutu çıxardı. Bu da foto idi və 800 il də fikirləşsəniz, onun məzmununu təsəvvür belə edə bilməzsiniz. Həmin fotoreproduksiyada Nizami Gəncəvi, Səməd Vurğun və Fərhad kişi Bakı bulvarındakı “Venesiya” gölündə qayıqda üzürdülər, maraqlıdır ki, avarı da Nizami özü çəkirdi!
Təəssüf ki, mən ağılsızlıq elədim və həmin tarixi fotoları qəzetdə çapa layiq bilmədim, yoldaş redaksiyanı təəssüf hissi ilə tərk edib çıxıb getdi. Güman edirəm o, işsiz qalmayıb, hardasa bizim statistika orqanlarında çalışmaqda davam edir və 136 yaşlı sakinin rəhmətə getməsi xəbərini mətbuata məhz “Farxad” kişinin övladı ötürmüşdür.
Zamin HACI