ABŞ prezidenti Donald Tramp İranın İsfahan şəhərinə endirilən hava zərbələrinin görüntülərini sosial şəbəkə hesabında yayıb.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyat zamanı hər biri təxminən 907 kiloqram olan çoxsaylı sığınacaqdağıdıcı bombalardan istifadə edilib. Paylaşılan görüntülərdə İsfahanda – hərbi və nüvə infrastrukturu baxımından strateji sayılan ərazilərdə ard-arda güclü partlayışlar əks olunub.
Tramp hücumun dəqiq vaxtı və koordinatları barədə açıqlama verməyib. Lakin xəbərlərdə görüntülərin səhər saatlarında həyata keçirilən zərbələrə aid olduğu bildirilir.
ABŞ rəsmisi bildirib ki, hücum zamanı İrana məxsus iri sursat anbarı məhv edilib. İran mediası isə səhər saatlarında İsfahanda partlayış səslərinin eşidildiyini təsdiqləsə də, əlavə təfərrüatlar açıqlanmayıb. Rəsmi Tehran hələlik hadisə ilə bağlı mövqe bildirməyib.
Digər məlumata görə, İranın Birləşmiş Ərəb Əmirlikləri sahilləri yaxınlığında neft yüklü tankeri hədəf aldığı iddia olunur. Bu hadisə son dövrlərdə Fars körfəzi və Hörmüz boğazı ətrafında ticarət gəmilərinə qarşı hücumların davamı kimi qiymətləndirilir.
ABŞ müdafiə naziri Pit Heqset və Baş Qərargah rəisi Den Keynin məsələ ilə bağlı yaxın vaxtlarda mətbuat konfransı keçirəcəyi gözlənilir.
Bununla yanaşı, Trampın Hörmüz boğazını yenidən açmadan münaqişəni dayandırmaq variantını da nəzərdən keçirdiyi bildirilir. Ekspertlər bu addımın İranın bölgədə təsirini artıra və qlobal iqtisadi gərginliyi dərinləşdirə biləcəyini qeyd edirlər.
Medianews.az

