Ağıllı saatlar kalori sərfi, ürək döyüntüsü, yuxu keyfiyyəti və VO₂ max kimi göstəriciləri təqdim etsə də, bu rəqəmlərin böyük hissəsi dəqiq ölçüm deyil, təxmini hesablamadır.
VO₂ max (maksimal oksigen istehlakı), intensiv fiziki fəaliyyət zamanı bədəninizin istifadə edə biləcəyi maksimum oksigen miqdarıdır.
Medianews.az bildiri ki, mütəxəssislərin fikrincə, bu cihazlar ümumi tendensiyanı izləmək üçün faydalıdır, lakin ekranda göstərilən hər rəqəm tam doğru qəbul edilməməlidir.
Ən çox istifadə edilən göstəricilərdən biri olan kalori hesablamasında 20 faizə qədər fərq ola bilər. Xüsusilə güc məşqləri və intensiv idmanlarda bu səhv daha da artır.
Addım sayğacları da tam dəqiq deyil və bəzi hallarda 10 faizə qədər yanlış nəticə verə bilir. Əl hərəkətinin az olduğu vəziyyətlərdə bu fərq daha da yüksəlir.
Ağıllı saatlar nəbzi biləkdəki qan axınından hesablayır və bu, xüsusilə intensiv idman zamanı yanlış nəticələrə səbəb ola bilər.
Yuxu göstəriciləri isə əsasən hərəkət və nəbzə əsaslanır, buna görə yuxu mərhələləri həmişə düzgün təyin olunmur.
VO₂ max və bərpa skorları da tam laborator ölçümü deyil, təxmini hesablamalardır. Bu səbəbdən cihazlar bəzən insanın real fiziki vəziyyətini düzgün əks etdirməyə bilər.
Mütəxəssislər bildirir ki, ağıllı saatlar faydalı vasitədir, lakin əsas qərarlar yalnız bu göstəricilərə əsaslanmamalıdır. Ən vacib meyar insanın özünü necə hiss etməsidir.
Medianews.az