ABŞ-də polis apardığı əməliyyat zamanı bir evdə ağır şəraitdə saxlanılan 16 uşağı xilas edib. Yaşları 1,5 ilə 18 arasında dəyişən uşaqların bəzisinin danışa bilmədiyi, ağır fiziki və psixoloji laqeydliyə məruz qaldığı bildirilib.
Medianews.az xəbər verir ki, hadisə Ohayo ştatının Hamden kəndində qeydə alınıb.
Ştatın baş prokuroru Endi Uilsonun sözlərinə görə, polis əməkdaşları yararsız vəziyyətdə olan evdə antisanitar şəraitdə yaşayan uşaqlarla qarşılaşıb.
İstintaqın ilkin nəticələrinə əsasən, uşaqlar son dörd ilin böyük hissəsini təxminən 3,5 kvadratmetrlik bir otaqda keçiriblər. Evin zibil və insan tullantıları ilə dolu olduğu, 18 yaşlı uşaqlardan birinin isə inkişaf geriliyi səbəbindən öz adını belə yaza bilmədiyi müəyyən edilib.
Xilas edilən uşaqlardan yeddisi xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır olan iki nəfər helikopterlə travma mərkəzinə aparılıb. Rəsmilər uşaqlardan birinin reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulduğunu açıqlayıblar.
Hadisə ilə bağlı valideynlər Qari Sayders Jr., Qari Sayders Sr., Kristina Sayders və Elizabet Sayders barəsində hər biri üzrə 16 epizod üzrə uşaqları ciddi təhlükəyə məruz qoyma ittihamı irəli sürülüb. Təqsirləndirilən şəxslər ittihamları qəbul etməyiblər və məhkəmə onların hər biri üçün 300 min dollar məbləğində girov müəyyən edib. Hüquq-mühafizə orqanları hadisənin insan alveri ilə bağlı olmadığını, ailədaxili cinayət işi kimi araşdırıldığını bildiriblər.
Araşdırma zamanı ailənin son 20 ildə Ohayonun cənubunda tez-tez ünvan dəyişdiyi, uşaqları məktəbə qeydiyyata salmadığı və onların rəsmi qeydiyyat sistemindən kənarda saxlanıldığı müəyyən olunub. Hazırda ştat orqanları bütün uşaqların müvəqqəti himayəyə götürülməsi üçün hüquqi prosedurları davam etdirir.

