Medianews.az
Avropada nədən sevilməz olduq? –
66 baxış

Avropada nədən sevilməz olduq? – Bir yarışmanın ortaya çıxardığı gerçəklik

Zorla deyil, Avropada bizi sevmirlər. “Bizi” deyərkən, təkcə öz ölkəmiz nəzərdə tutulmur, Avropada Ermənistanı da sevmirlər, Gürcüstanı da, Rusiyanı da, Belarusu da. Hətta slavyan müharibəsində zərərçəkən olduğu üçün avropalıların mərhəmətlə yanaşdığı Ukrayna da tam sevilmir.

Uzun illərdən bəri “siyasi yarışmadır” deyə etiketlədiyimiz “Avroviziya” mahnı müsabiqəsinin finalına postsovet ölkələrindən yalnız Ukrayna və Moldovanın adlaması bunun göstəricisidir. Mahnıya, səhnə şousuna baxan olmadı, finala qat-qat zəiflər keçdi. Ermənistanla Azərbaycanın təmsilçiləri isə boynubükük şəkildə sona qədər gözlədilər, Avropa onlara səs vermədi. Ermənilər və bizimkilər qucaqlaşıb ağlasalar, yeriydi.

Amma vaxt vardı, Rusiya. Ukrayna, Latviya, Azərbaycan birincilik qazanırdı, ilk beşliyi bəzəyirdilər, onluğu doldururdular. Biz o yarışmada müxtəlif illərdə 1-dən 8-ə qədər bütün pillələri tutmuşuq, amma son illərdə ya finala keçə bilmirik, ya da keçsək, autsayderlərdən oluruq – SSRİ birinciliyində çıxış edən “Neftçi” kimi.

Bu idman yarışı deyil ki, güclü olan qazansın, guya ki, zövq, rəğbət məsələsidir. “Avroviziya”da bəzən ən zəif yarışmaçının çempionluq qazandığı olub.

salvador.JPG (42 KB)

Məsələn, 2017-ci ildə Salvador Sobral adlı poruqaliyalı gənc 0 performansla birinci oldu – nə mahnısının melodiyası bir şey idi, nə hansısa kreativ səhnə şousu vardı, səsi də ki, rəhmətlik Məhəbbət Kazımovun Cabbar Musayev haqda dediyi kimiydi (“oxumur, söhbət edir”), amma birinci oldu. Çünki oğlanı Avropaya “ürəyi xəstədir. çox az ömrü qalıb” deyə təqdim etdilər, rəhmli və mərhəmətli Avropanın rəğbətini qazandılar və qalib oldular. Maraqlanmışam, o “qısa ömrü qalan” Salvadorun hazırda 36 yaşı var və sağ-salamatdır.

Bir ara elə görünürdü ki, Avropa Ermənistana da şəfqətlə yanaşır, amma sonra onlar ermənilərdən nə gördülərsə, ta yüksək bal verməməyə başladılar. Hansı ölkə siyasi arenada “erməni davası” aparırsa, “Avroviziya”da erməni təmsilçilərə yüksək bal verirdi.

Saakaşvilinin dövründə gürcülər Avropada sevilirdilər. Gürcüstanı az qala Avropa İttifaqına qəbul edəcəkdilər, arada qızışaraq, gürcülərə vizasız gediş-gəliş hüququ verdilər, amma İvanişvilinin komandası - onun əlinin altında prezident, baş nazir işləyənlər hakimiyyətə gələndən sonra avropalılar peşman oldular. İndi avropalılar gürcü hökumətinə sanksiya tətbiq edirlər və “Avroviziya”da səs vermirlər.

Moldovanın yarışmanın finalına keçməsi təsadüfi deyil. Prezident Maya Sandu ölkəsini Avropaya tərəf yönəldib. Son illərdə Avropa və Moldova dinamik şəkildə cilvələşir, axırının qovuşmayla bitəcəyi gözlənilir.

Biz (postsovet ölkələri) “günortadan sonra” avropalı olmuşduq. Coğrafi baxımdan hər ölkənin (Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan) bir şaqqası Avropaya düşürdüsə də, bizi avropalı saymırdılar. Əslində heç SSRİ-nin vassalı olan Şərqi Avropa ölkələri də “əsl avropalı” sayılmırdı, amma “soyuq müharibə” başa çatandan sonra Qərb hesab etdi ki, Şərqə doğru genişlənmək, bu arealdakı ölkələrlə isti münasibətlər qurmaq lazımdır.

Qərblilər nəzərdə tutduqları kimi də etdilər, düşündülər ki, Qərb mədəniyyəti, Avropa standartları bu ölkələri çulğayacaq. Amma olmadı, Şərq müqavimət göstərdi, əvvəlcə Avropa standartları ilə seçki keçirməyə qarşı çıxdı, sonra insan haqlarına riayət tələblərinə məhəl qoymadı, lap axırda da homofobluq elədi, cinsi azlıqları “petux” adlandırdı. Hazırda bu ölkələrin çoxunda cinsi azlıqlara qarşı nəsə bir qanunvericilik sənədi var. Rusiya, Belarus və Gürcüstan bu sahədə lap qabağa gediblər. Biz parlamentdə “anti-petux” qanunu qəbul etməmişik və o haqq-hesabı ictimai qınaqla yola veririk.

Bax, ona görə də Avropada bizi sevmirlər. Əslinə qalsa, biz də Avropanın belə xasiyyətini sevmirik, adına söz çıxarırıq. Adam tanıyıram, nə qədər ki, vəzifədə idi və yaxşı qazanırdı, Avropaya lağ edirdi, amma vəzifədən çıxandan sonra ailə-uşağını və milyonlarını da götürüb Avropaya qaçdı, indi orda mister, müsyö kefində yaşayır. Bunun adın belə qoyaq: “Talamağa vətən, bal tutan barmağı yalamağa qürbət yaxşı”.

Yəni doğrudan da “Avroviziya” təkcə musiqi yarışması deyil, eyni zamanda ictimai-siyasi yarışmadır, indikatordur, lakmus kağızıdır. Bu yarışma Avropanın əkə-bükə ölkələrinin qıraq-bucaqdakı ölkələrə necə yanaşdığını göstərir.

Samir SARI 

Bizə qoşulun