Bu ay Maliyyə Nazirliyi 2027-2030-cu illəri əhatə edən “Ortamüddətli büdcə çərçivəsi”ni açıqlayıb.
“Ortamüddətli büdcə çərçivəsi” ölkə Prezidentinin 24 avqust 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası"na və "2027-ci il dövlət büdcəsi layihəsinin hazırlanması haqqında" Nazirlər Kabinetinin 30 yanvar 2026-cı il tarixli sərəncamına əsasən tərtib olunub.
Sənədə əsasən, Azərbaycanda orta illik inflyasiyanın 2030-cu ilə kimi tədricən azalacağı proqnozlaşdırılır.
Qeyd edilir ki, İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə cari il üzrə 5,5% proqnozlaşdırılan orta illik inflyasiyanın tədricən azalaraq 2030-cu ildə 4,6% olacağı gözlənilir.
Qarşıdakı 4 ilə yaxın müddətdə ölkədə inflyasiyanın aşağı düşəcəyi proqnozu nə dərəcədə inandırıcıdır?

Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda inflyasiyanı proqnozlaşdırmaq çətindir: “Çünki Azərbaycan idxaldan həddindən artıq asılı ölkədir. Hökumət istənilən büdcə proqnozunu elan edə bilər. Necə deyərlər, öz arzularını, istəklərini ifadə edə bilər. Amma biz idxaldan çox asılıyıq. İndi dünyada konyunktur dəyişir. Geosiyasi gərginliklər fonunda ərzaq, qeyri-ərzaq inflyasiyası güclənir. O zaman nə olacaq? Azərbaycanın xaricdən aldığı məhsulların qiyməti qalxacaqsa, ölkə daxilində də qiymətlər artacaq.
Baza inflyasiyanı hesablamaq üçün ölkəmiz ilk növbədə özü təmin etdiyi məhsulların siyahısını və həcmini genişləndirməlidir. Yerli istehsal artmalıdır. Həm də çox artmalıdır ki, inflyasiya proqnozlarını aşağı-yuxarı hesablamaq mümkün olsun. Amma xarici faktorlardan olduqca çox asılı olan ölkəmizdə inflyasiyanı proqnozlaşdırmaq həddindən artıq müşkül məsələdir”.
Nailə Qasımova,
Medianews.az