Medianews.az
Bakıda ev almaq istəyənlərin nəzərinə! — AÇIQLAMA
180 baxış

Bakıda ev almaq istəyənlərin nəzərinə! — AÇIQLAMA

Azərbaycanda orta əməkhaqqı ilə çalışan bir şəxsin on il ərzində ev sahibi olub-ola bilməsi məsələsi son illərdə daha çox müzakirə olunur. Bu sual həm iqtisadi reallıqları, həm də insanların gündəlik yaşayış xərclərini birbaşa əks etdirir. Mövcud qiymətlər, yığım imkanları və yaşayış xərcləri nəzərə alındıqda bu məsələ kifayət qədər mürəkkəb görünür. Bu baxımdan belə bir müddətdə ev sahibi olmağın nə dərəcədə mümkün olduğu bir çox amillərdən asılıdır.

Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Demokrat.az-a bildirib ki, bu məsələyə birmənalı şəkildə münasibət bildirmək çox çətindir:

"Burada ümumi nəticəni formalaşdıran müxtəlif amillər var. Bunlardan birincisi işləyən şəxsin himayəsində olan şəxslərin sayıdır. Yəni o, yalnız öz dolanışığını və xərclərini deyil, həm də onun gəliri himayəsində olan şəxslərin minimum ehtiyaclarını da ödəməlidir. Burada say vacibdir. Digər bir məsələ şəxsin haradan ev almaq istəməsi ilə bağlıdır. Yəni ucqarlarda və regionlarda evin qiyməti paytaxt və Abşeron yarımadası ilə müqayisədə xeyli aşağıdır. Buna görə də bu amillər nəzərə alınmaqla məsələyə baxılması daha doğrudur. Əgər şəxs təkdirsə və orta aylıq əməkhaqqı məbləğində gəliri varsa və kirayə vermirsə, bu zaman aylıq təxminən dörd yüz manat yığım etmək imkanı yaranır. Təbii ki, qənaətlə yaşadığı halda. Bu da o deməkdir ki, vəsaitləri bankda yığarsa üzərində müəyyən qədər faiz gəlirləri də əldə etməklə yeddi səkkiz il ərzində ilkin ödəniş məbləğini toplamaq və ipoteka kreditlərinə müraciət etmək imkanı əldə edə bilər".

Ekspert deyib ki, əgər vətəndaş ucqarlarda, kəndlərdə və ya qəsəbələrdə mənzil alırsa, hətta bu mənzilin parametrləri də həlledici amildir:

"Amma bununla belə orta statistik Azərbaycan vətəndaşının yaşayış şərtlərinə uyğun mənzil aldığı təqdirdə bu, düşünürəm ki, yığım etdiyi vəsaitlər hesabına on il ərzində mənzil sahibi olmaq imkanı verə bilər. Amma bu mənzilin parametrləri tamamilə ayrıca müzakirə mövzusudur. Buna görə də bu suala birmənalı cavab vermək çox çətindir. Burada insanların seçimləri və həyat şərtləri həlledicidir. Elə şəxslər də var ki, onlar tək yaşadığı halda istehlakçı davranışları səbəbindən hətta bir manat belə yığım edə bilmirlər. Bəzi hallarda isə borclanma məcburiyyətində qalırlar. Və yaxud əgər vətəndaş deyir ki, bu məbləğdə gəlir əldə edir və paytaxtda kirayədə yaşayır, avtomobili vardır, yanacaq xərcləri və avtomobilin saxlanma xərcləri də nəzərə alınarsa, yığım imkanı olmur".

Onun sözlərinə görə, ölkədə mənzil qiymətləri yüksəkdir, xüsusilə paytaxt və onun ətrafında qiymətlər əhalinin alıcılıq gücü ilə müqayisədə daha yüksəkdir:

"Orta aylıq əməkhaqqı aşağı olduğu üçün insanların qısa müddətdə mənzil sahibi olmaq imkanı məhduddur. İnsanların böyük əksəriyyəti iş tapmaq üçün paytaxt və onun ətrafında yaşamaq məcburiyyətindədir və bu da qiymətlərin yüksək olması ilə birlikdə mənzil əldə etmə imkanlarını daha da çətinləşdirir. Buna görə də on il ərzində mənzil sahibi olmaq çox vaxt asan deyil və real olaraq mümkünsüz görünür"-, deyə ekspert qeyd edib.

Bizə qoşulun