Azərbaycanda bank sektoru müəyyən peşə sahibləri üçün kredit şərtlərini daha əlçatan və sərfəli etməkdə davam edir. Xüsusilə cəmiyyətin sütunları hesab olunan həkimlər və müəllimlər bu baxımdan ən şanslı qruplar sırasında yer alırlar. Banklar bu sahələrdə çalışanların gəlir sabitliyini nəzərə alaraq, onlara bazar ortalamasından xeyli aşağı faiz dərəcələri təklif edirlər. Həmçinin, bu mütəxəssislər üçün kredit məbləğləri daha yüksək müəyyən edilir və əksər hallarda zamin tələbi aradan qaldırılır. Peşə bayramları ərəfəsində isə bu güzəştlər komissiyasız rəsmiləşdirmə və sığorta xərclərinin ləğvi ilə daha da cəlbedici olur. Belə yanaşma həm sosial dəstək xarakteri daşıyır, həm də bankların aşağı riskli müştəri bazasını genişləndirməsinə xidmət edir. Hazırda ölkənin aparıcı maliyyə qurumları təhsil və səhiyyə işçiləri üçün özəl kampaniyalarını aktiv şəkildə davam etdirirlər.
Medianews.az bildirir ki, tanınmış bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, belə bir seçim mövcud deyil:
“Banklar bütün müştərilərə, demək olar ki, bütün peşə sahiblərinə eyni yanaşırlar. Yəni birinə daha ucuz, digərinə daha bahalı kredit verilməsi kimi fərqləndirmə yoxdur. Sadəcə olaraq, müəyyən peşə bayramları ərəfəsində həmin sahələrdə çalışan şəxslər üçün müəyyən güzəştlər tətbiq oluna bilər. Məsələn, Neftçilər Günü münasibətilə ümumi kredit faizlərində 3-5 faiz endirim edilə bilər. Belə ki, kredit adi halda 25 faizlə təklif olunursa, neft sektorunda çalışanlara 20 faizlə verilə bilər. Eyni qaydada, standart faiz 20 faizdirsə, endirim tətbiq olunaraq 15 faizə endirilə bilər. Bu cür güzəştlər Energetiklər Günü, Tibb İşçiləri Günü və digər peşə bayramları zamanı da tətbiq edilə bilər. Yəni müxtəlif peşə sahiblərinin əlamətdar günlərində belə imtiyazlar mümkündür. Lakin ümumi olaraq, hansı peşənin daha üstün və ya daha az riskli hesab edilməsi əsasında fərqli kredit şərtləri müəyyən edilmir. Hamıya standart faiz dərəcələri tətbiq olunur”.
O deyib ki, bəzi riskli peşə sahibləri üçün əlavə şərt kimi həyat sığortası tələb oluna bilər:
“Məsələn, hərbçilər, polis əməkdaşları və digər riskli sahələrdə çalışan şəxslər üçün bu tələb irəli sürülə bilər. Bu, onların fəaliyyəti ilə bağlı risklərin yüksək olması ilə əlaqədardır. Ancaq bu kateqoriyadan olan şəxslər üçün faizlərin artırılması və ya əlavə ağır şərtlərin tətbiqi nəzərdə tutulmur. Sadəcə olaraq, onların həyatı sığortalanır. Ümumilikdə isə, qeyd etdiyim kimi, yalnız müəyyən bayram günlərində endirimlər tətbiq olunur, digər hallarda isə hamıya standart qaydada yanaşılır. Məsələn, jurnalist olduğunuzu əsas gətirərək daha aşağı faiz tələb etmək və ya daha riskli sahədə çalışan şəxslərə daha yüksək faiz tətbiq etmək kimi bir praktika mövcud deyil. Yəni belə bir ayrı-seçkilik aparılmır”.