Medianews.az
“Bu, strateji baxışın və uzaqgörən siyasətin nəticəsidir”
64 baxış

“Bu, strateji baxışın və uzaqgörən siyasətin nəticəsidir” - Deputat

“Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı, sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı əlavə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan Sərəncam ölkədə həyata keçirilən sosialyönümlü siyasətin daha bir bariz nümunəsidir. Bu sənəd bir daha göstərir ki, dövlətin əsas prioriteti vətəndaşın təhlükəsizliyi, rifahı və həyat şəraitinin qorunmasıdır”.

Medianews.az “Qafqazinfo”-a istinadla xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov deyib.

O bildirib ki, cari ilin mart–aprel aylarında baş vermiş güclü leysan yağışları nəticəsində ölkənin müxtəlif bölgələrində, o cümlədən paytaxt Bakı şəhərində ciddi fəsadlar meydana çıxıb, yaşayış evlərinə, kənd təsərrüfatına və mühüm infrastruktur obyektlərinə ziyan dəyib.

“Belə bir şəraitdə dövlət başçısının operativ qərarı ilə 85 milyon manatdan artıq vəsaitin ayrılması yalnız mövcud problemlərin aradan qaldırılmasına deyil, eyni zamanda gələcək risklərin minimuma endirilməsinə xidmət edir.

Qeyd etmək istərdim ki, bu sərəncam təkcə maliyyə dəstəyi deyil, həm də dövlətin öz vətəndaşına olan diqqət və qayğısının konkret ifadəsidir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin dayanması, hər bir vətəndaşın rifahının prioritet kimi müəyyən edilməsi ölkəmizdə sosial dövlət modelinin uğurla tətbiq olunduğunu göstərir.

Sərəncam çərçivəsində həyata keçiriləcək tədbirlər – su basmış ərazilərin bərpası, infrastrukturun yenidən qurulması, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və qabaqlayıcı mexanizmlərin tətbiqi – təbii fəlakətin həlli ilə yanaşı eyni zamanda gələcək nəsillər üçün daha dayanıqlı və təhlükəsiz mühit formalaşdırır. Bu isə strateji baxışın və uzaqgörən siyasətin nəticəsidir”.

Deputatın sözlərinə görə, bu qərar bir daha sübut edir ki, Azərbaycan dövləti istənilən çətin vəziyyətdə vətəndaşının yanındadır:

“Dövlətin bütün resurslarının səfərbər edilməsi, problemlərə dərhal reaksiya verilməsi və sistemli yanaşma ölkədə güclü idarəetmə modelinin mövcudluğunu təsdiqləyir”.

Bizə qoşulun