Böyük Britaniya hökuməti xaricdə yaşayan şəxslərin siyasi partiyalara etdiyi ianələrə məhdudiyyət tətbiqini və kriptovalyuta vasitəsilə maliyyələşməni müvəqqəti qadağan etməyi planlaşdırır.
Bu qərar xarici maliyyənin siyasətə təsiri ilə bağlı aparılan müstəqil araşdırmanın nəticələrinə əsaslanır. Araşdırma ötən il Reform UK partiyasının sabiq üzvlərindən birinin Rusiyaya dəstək xarakterli çıxışlar etmək müqabilində rüşvət aldığına görə həbsindən sonra başlanmışdı.
Hökumətin açıqlamasına görə, xaricdə yaşayan Britaniya vətəndaşlarının siyasi partiyalara ianələri illik 100 min funt sterlinq ilə məhdudlaşdırılacaq. Eyni zamanda, kriptovalyuta ilə ianələrə səmərəli tənzimləmə mexanizmi yaradılana qədər moratorium tətbiq ediləcək.
Qeyd edək ki, ötən il populist Reform UK partiyası ianələri bitkoin vasitəsilə qəbul edəcəyini açıqlayan ilk Britaniya partiyası olub. Partiyanın topladığı vəsaitin azı üçdə ikisinin xaricdəki donorlar tərəfindən təmin edildiyi bildirilir.
Qeyd edək ki, Niycel Farajın rəhbərlik etdiyi Reform UK son rəy sorğularında hakim Leyboristlər Partiyasını qabaqlayıb və ötən il rəqiblərindən daha çox vəsait toplayıb./AZƏRTAC