Dünya şöhrətli amerikalı aktyor, döyüş sənətləri ustası və milyonlarla insanın yaddaşında “məğlubedilməz qəhrəman” obrazı ilə qalan Çak Norris 86 yaşında vəfat edib.
Medianews.az bildirir ki, Çak Norrisin ailəsi bununla bağlı açıqlama yayıb. Açıqlamada qeyd edilir ki, Çak Norris ömrünün son anlarında yaxınlarının əhatəsində olub: “Bizim sevimli Çakın vəfatını dərin kədər hissi ilə bölüşürük. O, həyatını inam, məqsəd və sevdiyi insanlara sadiqlik üzərində qurmuşdu”.
Çak Norris 1940-cı ildə ABŞ-da anadan olub. O, əvvəlcə döyüş sənətləri sahəsində böyük uğurlar qazanaraq altıqat dünya karate çempionu tituluna yiyələnib. Daha sonra isə Hollivudda uğurlu aktyor karyerası qurub.
1990-cı illərdə çəkildiyi serialda canlandırdığı Kordell Uoker obrazı Norrisə qlobal şöhrət qazandırıb və onu televiziya tarixinin ən tanınmış qəhrəmanlarından birinə çevirib.
Aktyor həmçinin 1980–1990-cı illərdə çəkildiyi çoxsaylı döyüş filmləri ilə geniş tamaşaçı auditoriyası qazanıb. Onun sərt, prinsipial və ədalətpərvər obrazları uzun illər populyarlığını qoruyub.
2000-ci illərdə Çak Norris yeni nəsil üçün fərqli bir formada yenidən “kəşf olunub”. Sosial şəbəkələrdə və internet forumlarında yayılan “Chuck Norris facts” adlı yumoristik memlər onu yeni fenomenə çevirib. Həmin zarafatlarında Norris qeyri-mümkün gücə malik, fizika qanunlarını belə aşan obraz kimi təqdim edilib.