Medianews.az
Çempionatın bir neçə özəlliyi
143 baxış

Çempionatın bir neçə özəlliyi

Medianews.az 23-cü dünya futbol çempionatının bir neçə özəlliyinə nəzər salıb.

Qrup mərhələsini üç komanda maksimum göstərici – 9 xalla başa vurub: Meksika, Fransa, Argentina.

Meksika və İspaniyanın qapıları hər üç qrup oyununda toxunulmaz qalıb. 1/16 finalı geridə qoymuş Meksika turnirdəki dördüncü oyununda da top buraxmayıb.

Almaniya, Niderland və Fransa qrup raundunu ən üstün məhsuldarlıq – 10 qolla keçiblər. 1/16 finalda 1 qolla kifayətlənən Almaniya və Niderland turnirdən ələniblər, Fransa daha 3 qolla yoluna davam edir.

Qrup mərhələsində xal götürə bilməyən komandalar bunlardır: Haiti, Tunis, İraq, İordaniya, Özbəkistan, Panama. Tunis və İraq bu raundda hamıdan çox – 12 top buraxıblar, Panama isə bir qol da vura bilməyib.

İyunun 11-dən ABŞ, Kanada və Meksikada keçirilən çempionatda 48 komanda 12 qrupda yarışıb, ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alıb.

1/16 finalda Almaniya və Niderlandla yanaşı CAR, Yaponiya, Fil Dişi Sahili, İsveç və Ekvador da dayanıb.

Fransa və Meksika ilə birlikdə Kanada, Braziliya, Paraqvay, Mərakeş və Norveç də mərhələni adlayıblar. Bu raundda 9 oyun qalır:

İngiltərə – Konqo DR

Belçika – Seneqal

ABŞ – Bosniya

İspaniya – Avstriya

Portuqaliya – Xorvatiya

İsveçrə – Əlcəzair

Avstraliya – Misir

Argentina – Kabo Verde

Kolumbiya – Qana.

1/16 final iyulun 4-də bitir. 1/8 final 4-7 iyula, 1/4 final 9-12 iyula, yarımfinal 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.

Turnirin 79 oyununu stadionlarda 5 milyon 128 min 903 azarkeş izləyib, hər matça orta hesabla 64 min 923 nəfər düşüb.

Əvvəlki 22 çempionatda Braziliya 5, İtaliya və Almaniya 4, Argentina 3, Uruqvay və Fransa 2, İngiltərə və İspaniya 1 zəfər əldə edib.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun