Medianews.az
Cəriməsi olana
65 baxış

Cəriməsi olana kredit verilməyəcək?

Bu ilin yanvar ayında Azərbaycan 2 145 ton süd və qaymaq idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə süd və qaymağın dəyəri 3 milyon 428.77 min ABŞ dollar təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 700 ton (48,4 %), dəyər baxımından isə 1 milyon 604 (87,8 %) çoxdur. Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,3 %-ni təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycan 1 445 ton süd və qaymaq idxal etmişdi, dəyəri təxminən 1 824 min ABŞ dollar təşkil edirdi. 2024-cü ilin yanvar ayı ilə müqayisədə isə idxal həcmi 1 074 ton olmuşdu və dəyəri 970 min ABŞ dollar idi. Bu rəqəmlər göstərir ki, son iki ildə idxal həcmi və dəyəri ardıcıl olaraq artıb.
Maraqlıdır ki, süd və qaymaq məhsullarının idxalının artması yerli istehsal bazarına necə təsir edir?
Medianews.az bildirir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Musavat.com-a deyib ki, süd və qaymaq idxalının artması yerli istehsal bazarına bir neçə istiqamətdə təsir göstərə bilər: “İlk növbədə, idxal həcminin artması bazarda təklifin çoxalmasına səbəb olur. Bu isə qiymətlər üzərində təzyiq yarada və yerli istehsalçıların rəqabət qabiliyyətini azalda bilər. Xüsusilə, maya dəyəri yüksək olan kiçik və orta fermer təsərrüfatları üçün bu vəziyyət satış həcmlərinin azalmasına və gəlirlərin düşməsinə gətirib çıxara bilər.

Digər tərəfdən, idxalın artması daxili bazarda məhsul çatışmazlığının və ya mövsümi azalmanın göstəricisi də ola bilər. Əgər yerli istehsal tələbatı tam ödəyə bilmirsə, idxal bazarda sabitliyi qorumağa və qiymət artımının qarşısını almağa kömək edir. Bu baxımdan istehlakçılar daha geniş seçim imkanı və nisbətən sabit qiymətlərlə qarşılaşırlar”.

İqtisadçının sözlərinə görə, uzunmüddətli perspektivdə isə idxalın davamlı artımı yerli südçülük sektorunun inkişaf tempinə mənfi təsir göstərə bilər: “Rəqabətin güclənməsi istehsalçıları keyfiyyətin artırılması və xərclərin azaldılması istiqamətində islahatlara sövq etsə də, dövlət dəstəyi və subsidiya mexanizmləri yetərli olmazsa, bəzi təsərrüfatların bazardan çıxmasına səbəb ola bilər. Nəticə etibarilə, idxalın artmasının təsiri həm mənfi, həm də müsbət tərəflərə malikdir və bu, yerli istehsalın rəqabət qabiliyyətindən, dövlət siyasətindən və daxili tələbatın səviyyəsindən asılıdır”.

Bizə qoşulun