Fevralın 19-u Böyük Britaniyada polis kral III Çarlzın qardaşı Endryunu tutub bölməyə aparıb. Endryu bir neçə saat bölmədə saxlanandan sonra sərbəst buraxılıb.
Bu hadisəyə bütün dünyanın kütləvi informasiya vasitələrində geniş yer ayrılır. Hadisə günü isə jurnalistlərin ən böyük arzularından biri Endryunun görüntüsünü əldə etmək olub. Amma bu, yalnız “Röyter” (“Reuters”) agentliyinin fotoqrafı Fil Nobla qismət olub.
Onun çəkdiyi foto bütün dünyada dərc edilir. Həmin fotoda Endryunu avtomobilin arxa oturacağında qısılmış, sarsılmış vəziyyətdə görmək mümkündür.

Medianews.az bildirir ki, hələlik dünya mediasının əlində-ovcunda olan bu yeganə kadr həm təsadüfün, həm də jurnalist peşəkarlığının nəticəsidir.
Fil Nobl bəyan edib ki, həmin anı daha çox bəxtəbəxt yaxalayıb.
Fevralın 19-u səhər kral ailəsinin üzvünün tutulduğu xəbəri yayılanda Fil Nobl Mançesterdəki evindən altı saat yol qət edərək Norfolka – Endryunun yaşadığı Sandrinqem iqamətgahına gəlib.
Əməliyyatı tabeliyində 20-yə yaxın polis bölməsi olan idarə həyata keçirdiyindən Endryunun hansı polis bölməsinə aparıldığı bəlli deyilmiş.

Fotoqraf Fil Nobl
Bir məlumat əsasında fotoqraf Aylşem şəhərindəki polis bölməsinə üz tutub. Orada başqa media nümayəndələri də gözləyirmiş. Lakin saatlar keçib, heç nə baş verməyib. Altı saat soyuqda gözləyəndən və hava qaralandan sonra fotoqraf məlumatın yanlış olduğunu düşünərək otelə yollanmaq qərarına gəlib.
Elə bu anda “Röyter”də çalışan həmkarı ona zəng edib ki, Endryunun avtomobilləri Aylşemdəki polis bölməsinə yaxınlaşıb.
Nobl geri qayıdıb və iki avtomobilin sürətlə ərazini tərk etdiyini görüb. Ön maşında iki polis əməkdaşı olub. Fotoqraf obyektivini arxadakı avtomobilə yönəldib və cəmi altı kadr çəkib.
Onlardan ikisində yalnız polis əməkdaşları görünüb, ikisi boş çıxıb, birində isə kadr çox bulanıq düşüb. Yalnız bir kadr (indi dünyanın demək olar bütün qəzetlərində, xəbər saytlarında yayılan foto) uğurlu alınıb: arxa oturacaqda oturmuş, sarsılmış Endryu. Gecə çəkilişi və güclü işıq səbəbindən fotoda onun gözlərində “qırmızı effekt” də əmələ gəlib.
“Plan qura, təcrübənə arxalana bilərsən, amma hər şeyin üst-üstə düşməsi lazımdır. Avtomobil çəkilişlərində bu, daha çox şans məsələsidir” deyə Nobl bildirib.

Xatırladaq ki, 66 yaşlı Endryu rəsmi səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinir. Bu iş “Epşteyn qalmaqalı” ilə bağlıdır.
Seksual təcavüzdə bir sıra digər ağır cinayətlərdə ittiham edilən, 2019-cu ildə həbsdə saxlandığı vaxt müəmmalı şəkildə ölən amerikalı maliyyəçi Cefri Epşteynlə Endryu arasında yaxın münasibət olub.
ABŞ Ədliyyə Nazirliyi bu ilin yanvarda “Epşteyn işi” adını almış milyonlarla sənəd, çoxsaylı foto və video materiallar açıqlayıb. Materiallar Endryunun özünün Sinqapur, Honkonq və Vyetnama səfərləri haqda əvvəlcədən Epşteynə məlumat verdiyini, Britaniyanın investisiya imkanları barədə bir sıra məxfi informasiyaları Epşteynə ötürdüyü barədə şübhələr yaradıb.
İttihama görə, Endryu rəsmi hesabatları alandan bir neçə dəqiqə sonra Epşteynə göndərirmiş.
Onun Əfqanıstandakı investisiya imkanları barədə bilgiləri də Epşteynlə paylaşıldığı vurğulanır.
Materialların içində Endryunun Epşteynlə yazışmaları və seksual xarakterli fotoları da var.
Endryunun Epşteynlə əlaqələri ABŞ Ədliyyə Nazirliyinin yanvar ifşasından əvvəl də bəlli idi. Məhz buna görə o, 2025-ci ilin oktyabrında York hersoqu titulundan imtina edib, daha sonra şahzadə titulunu da itirib və Vindzor qəsrindəki rəsmi iqamətgahından çıxıb.
Toğrul Əli,
Medianews.az