Medianews.az
“Nə qədər ki, vəzifədə idin insanlara lazım idin, səndən keçəcək işləri var idi, vəzifədən gedəndən sonra...”-
209 baxış

“Nə qədər ki, vəzifədə idin insanlara lazım idin, səndən keçəcək işləri var idi, vəzifədən gedəndən sonra...”- FOTO+ÖZƏL

“Yaradıcı işlərimi davam etdirirəm. Mart ayının 3-də Heydər Əliyev adına sarayda “Nəsimi” operası yenidən nümayiş etdiriləcək. Hazırda buna hazırlaşırıq. Bundan başqa bir balet üzərində də işləyirəm. Gərək hazır olsun ki, nəsə deyim. Hazır olmamış heç nə deyə bilmirəm”.

Bunu Medianews.az-a açıqlamasında xalq artisti, professor Siyavuş Kərimi deyib.

O daha sonra müğənnilərlə işbirliyi ilə bağlı sualımızı cavablandırıb:

“Ürəyimə yatan müğənni yoxdur. Hamısına böyük hörmətim var. Bir-iki nəfər var. Leyla Rəhimovanın, Zabitə Alıyevanın səsləri çox xoşuma gəlir. Zabitə xanımla işbirliyimiz də olub. Hazırda studiyanı səhmana salıram. Əlbəttə ki, hər şeyi düzəldəndən sonra dəvət edəcəm ki, gəlsinlər işləyək”.

Xalq artisti uzun illər Milli Konservatoriyanın rektoru vəzifəsində çalışıb. Sənətkar bildirib ki, vəzifədən gedəndən sonra ətrafındakı insanları daha tez tanıyıb: “Vəzifədən gedəndən sonra əlbəttə ki, ətrafım əvvəlki kimi dolu olmadı. Bu da insana çox pis təsir edir, bir az inciyirsən. Sonra yavaş-yavaş bu inciklik keçir və hər şeyi başa düşürsən. Başa düşürsən nə qədər ki, sən lazım idin, səndən nəsə keçəcək işləri var idi sənin ətrafında idilər. Ümumiyyətlə belə hallar insanın həyatında çox vacibdir. Çünki bu ətrafında olan artıq adamları sənə tanıtdırır”.

Qeyd edək ki, Siyavuş Kərimi çağdaş musiqi tariximizin beynəlxalq miqyaslı bir çox layihələrinin müəllifi kimi tanınır. 1997-ci ildə Azərbaycan-Norveç, 2002-ci ildə Azərbaycan-Cənubi Amerika musiqi layihələri onun rəhbərliyi altında uğurla gerçəkləşib. S. Kərimi "Sarı gəlin", "Sonuncu döyüş", "Əlvida, cənub şəhəri", "Girov" və s. geniş ekranlı bədii, 9 seriyalı "Heydər Əliyev" televiziya filmlərinin, 2 animasiya filminin və 10 teatr tamaşasının musiqi müəllifidir. 2003-cü ildə Akedemik Milli Dram Teatrının səhnəsində qoyulan "Hamlet" tamaşasına yazdığı musiqiyə görə "Qızıl Dərviş" mükafatına layiq görülüb. S. Kərimi "Saz məktəbi" dərsliyinin həmmüəllifi, iki cilddən ibarət "Azərbaycan xalq mahnıları" məcmuəsinin tərtibçisidir. Siyavuş Kərimi 2014-cü ildə musiqi təhsili sahəsində səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə, 31 dekabr 2020-ci ildə isə Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.

Əli Əsgər,

Medianews.az 

Bizə qoşulun