Medianews.az
Azərbaycanın Sülh Şurasında iştirakının SƏBƏBLƏRİ
77 baxış

Azərbaycanın Sülh Şurasında iştirakının SƏBƏBLƏRİ

Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın təsis etdiyi Sülh Şurasının ilk iclası keçirildi. Sülh Şurası bu il yanvar ayında Davosda keçirilən iqtisadi forum çərçivəsində təsis olunub. Toplantıya dəvət olunanlar arasında Azərbaycan Prezidenti İlham Əliyev də var idi. Azərbaycanın Sülh Şurasında iştirakının bir neçə səbəbi var.

Əvvəla, Azərbaycan ABŞ-la strateji tərəfdaşlıq münasibətləri qurub. Ötən ilin avqustunda Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iki ölkə arasında sülh sazişini paraflayıblar. Bu ilin fevral ayında isə ABŞ vitse-prezidenti Ceyms Vensin Bakıya səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlıq xartiyası imzalanıb. Belə olan halda Azərbaycan Donald Trampın təsis etdiyi Sülh Şurasından kənarda qala bilməzdi.

Digər tərəfdən Azərbaycanın strateji tərəfdaşları olan Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan və Səudiyyə Ərəbistanının Sülh Şurasına üzvlükləri də rəsmi Bakının qərarına təsir edən amillərdən biridir.

Başqa bir səbəb Sülh Şurasında Ermənistanın iştirakıdır. Ermənistan Trampın Sülh Şurasına üzvlük təklifinə müsbət cavab veribsə, Azərbaycanın Vaşinqtona mənfi cavab vermək kimi seçimi yox idi.

Donald Tramp ötən ilin oktyabr ayında Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə Azərbaycan Prezidenti İlham Əliyevi də dəvət etmişdi. Bununla Tramp Azərbaycanın da Yaxın Şərq sülh prosesində iştirakını arzulayıb. İlham Əliyev Azərbaycan hərbçilərinin Qəzzaya göndərilməyəcəyini söyləsə də, ölkəmiz Qəzzanın yenidən qurulması prosesində iştirakdan imtina etməyib.

Qəzzanın yenidən qurulmasında iştirak etmək üçün isə Sülh Şurasının üzvü olmaq lazım idi. Çünki yenidənqurma prosesinə ABŞ nəzarət edəcək. Tramp onun dəvətini qəbul etməyərək Sülh Şurasında yer almayan ölkələrin Qəzzanın yenidən qurulması prosesində iştirak etməyəcəyini bildirib.

Azərbaycanın İsraillə yanaşı Fələstinlə də diplomatik münasibətləri mövcuddur və rəsmi Bakı Yaxın Şərq siyasətində bu balansı qorumaq üçün Qəzzanın yenidən qurulması prosesində iştirakı labüd hesab edib. Azərbaycanın Qəzzanın yenidən qurulması prosesinə bəlli həcmdə maliyyə ayırması da istisna deyil.

Yaddan çıxarmayaq ki, Donald Tramp Sülh Şurasının Qəzzayla kifayətlənməsini istəmir. O və onun administrasiyası Sülh Şurasını gələcəkdə güclü təşkilata çevirmək istəyir. Azərbaycan super dövlət statusuna malik olan ABŞ-ın dünyanın yeni təhlükəsizlik arxitekturasını formalaşdırmaq prosesindən kənarda qalmamalıdır.

Elxan Şahinoğlu,
politoloq

Bizə qoşulun