Qərb mediasının məlumatına görə, İran İslam Respublikasının ali rəhbəri Əli Xamneyi ABŞ-ın mümkün hərbi hücumu və ölkə daxilində davam edən etirazlar fonunda əsas idarəetmə rıçaqlarını Əli Laricaniyə ötürüb.

“Nyu-York Tayms” qəzeti yazır ki, Laricani faktiki olaraq strateji qərarların koordinasiyasını həyata keçirir - etirazların yatırılmasından tutmuş ABŞ-la mümkün müharibəyə hazırlığadək. Onun səlahiyyətlərinin artmasının prezident Məsud Pezeşkianın mövqelərinin zəifləməsinə səbəb olduğu da vurğulanır. Hətta iddia olunur ki, Pezeşkian bir çox məsələdə qərarlarını Laricani ilə razılaşdırmağa məcburdur.
Kimdir Əli Laricani? Medianews.az onun bioqrafiyasına nəzər salıb.

Əli Ərdəşir Amuli Laricani 1958-ci ildə İraqın Nəcəf şəhərində doğulub.
Şah Məhəmmədrza Pəhləvi Əlinin atası ayətullah Mirzə Haşim Amulini sürgün etdiyinə görə o, Nəcəfdə məskunlaşmağa məcbur olub. Əli Laricani və onun bütün qardaşları Nəcəfdə dünyaya göz açıb.
1899-cu ildə İranın Larican bölgəsində doğulan Mirzə Haşim Amuli 1993-cü ildə vəfat edib, Qumda Fatimiyyə məzarlığında dəfn olunub.
Mirzə Haşim Amuli və ailəsi İrana 1979-cu ildə, şah devriləndən sonra qayıdıb.

İrana qayıdan kimi Əli Laricani Dövlət Teleradio Şirkətində şöbə müdiri vəzifəsinə təyin edilib.
1980-ci ildə Tehranın Şərif Texnologiya Universitetini riyaziyyat və kompüter elmləri ixtisası üzrə bitirən Əli Laricani daha sonra Tehran Universitetində fəlsəfə üzrə fəlsəfə doktoru dərəcəsi alıb və alman filosofu İmmanuel Kant haqqında kitab yazıb.

Laricani 1983-1992-ci illərdə müxtəlif dövlət postlarını tutub: əmək və sosial resurslar nazirinin, telekommunikasiya nazirinin, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandanının müavini vəzifələrində çalışıb, SEPAH-ın qərargah rəisi səlahiyyətlərini icra edib.
1992-1993-cü illərdə Əli Laricani mədəniyyət və islami irşad naziri olub.
1994-2004-cü illərdə İran Dövlət Teleradio Şirkətinə rəhbərlik edib.

2005-ci ildə prezidentliyə namizəd olub, 5,94 faiz səslə altıncı yeri tutub. Həmin seçkidən Mahmud Əhmədinejad qalib çıxıb.
2005-2007-ci illərdə Laricani İran Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsində xidmət edib. Bu vəzifəyə keçməzdən bir qədər əvvəl o, şurada ölkənin ali rəhbərinin təmsilçisi olub.
Laricani 2008-2020-ci illərdə İran parlamentinə sədrlik edib. Bu posta o, ard-arda üç dəfə seçilib.
2024-cü ildə ölkədə keçirilən prezident seçkisində iştirak etmək istəsə də, Müşahidə Şurası Laricaninin namizədliyini qeydə almayıb.
Həmin seçkidə qalib gələrək prezident postunu tutan Məsud Pezeşkian 2025-ci ilin avqustunda Əli Laricanini Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edib.

Əli Laricaninin bir çox qohumu tanınmış siyasi fiqurdur. Bu səbəbdən onları siyasi arenada bəzən “İraq qrupu” adlandırır, “İranın Kennedilər ailəsi” kimi xarakterizə edirlər.
Əlinin bir qardaşı ayətullah Sadiq Laricani Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun sədridir.
Digər qardaşı ayətullah Məhəmməd Cavad Laricani ali rəhbərin xarici siyasət məsələləri üzrə baş müşaviri və İran Məhkəmə Hakimiyyətinin İnsan Hüquqları üzrə Ali Şurasının katibidir.
Qardaşlardan Bağır Laricani Səhiyyə Nazirliyində yüksək vəzifə tutub, professor Fazil Laricani isə alim olmaqla yanaşı diplomat kimi də fəaliyyət göstərib.
Laricaninin əmisi oğlu Əhməd Təvəkkülü parlamentin deputatı olub.

Əli Laricani İran islam inqilabının tanınmış ideoloqlarından olan ayətullah Mürtəza Mütəhhərinin (1979-cu ildə inqilabdan az sonra vəfat edib) kürəkənidir. Əlinin Mürtəza Mütəhhərinin qızı Fəridə ilə evlilikdən iki oğlu və iki qızı var.
Mürtəza Mütəhhərinin oğlu Əli Mütəhhəri də siyasətçidir, parlamentin deputatı olub.

İran İslam Respublikasında dövlət başçısı səlahiyyətlərini Üləmalar Məclisinin seçdiyi ali rəhbər həyata keçirir. 1989-cu il iyunun 3-dən bu postu 1939-cu il təvəllüdlü Əli Xamneyi tutur.
Hökumət başçısı funksiyası daşıyan İran prezidenti ümumxalq səsverməsində 4 il müddətinə seçilir. 2024-cü il iyulun 28-dən 1954-cü il təvəllüdlü Məsud Pezeşkian prezidentdir.
290 nəfərlik ölkə parlamenti (İslam Şurası Məclisi) 4 ildən bir majoritar sistemlə (dairələr üzrə) seçilir. İndiki parlament 2024-cü ilin yazında formalaşıb.
Toğrul Əli,
Medianews.az