Xəbər verdiyimiz kimi, suyun qiymətində bahalaşma gözlənilir.
Bu artımı Tarif Şurası ölkəmizin su təsərrüfatında rentabelliliyin təmin edilməsi ilə əsaslandırılacaq.
Tarif Şurasının gündəliyində olan yeni təklifə görə, 10 kuba qədər 1 manat 20 qəpik, 10-20 kub arası 1 manat 60 qəpik, 20 kubdan yuxarı isə 2 manatla hesablanması nəzərdə tutulur.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bildirib ki, dəyişikliklər su ehtiyatlarının davamlı idarə olunması, maliyyə dayanıqlığının təmin edilməsi və su təhlükəsizliyinin gücləndirilməsi məqsədilə həyata keçirilir.
Medianews.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, müəyyən məhsulların, eləcə də suyun, işığın və qazın qiymətlərinin artırılması barədə gündəlik yayılan xəbərlərin çoxunun əsası yoxdur.
Deputat qeyd edib ki, hazırda suyun qiyməti artırılmayıb və bu barədə rəsmi qurumların heç bir məlumatı yoxdur.
“Bəzi insanlar hər gün, bəzən isə reallığa uyğun olmayan fikirlər səsləndirirlər. Qiymətlərin artırılması yalnız real vəziyyət və faktlara əsaslanmalıdır. Bu gün dünyada su ciddi problem olaraq qalır və Azərbaycanda da su çatışmazlığı mövcuddur. Eyni zamanda, sudan israfçılıq halları müşahidə olunur”,-deyə o əlavə edib.
Tahir Rzayev bildirib ki, hazırda qiymətlərin artırılması ilə bağlı heç bir rəsmi qərar yoxdur:
“Beləliklə, bu barədə yayılan məlumatlar etibarlı sayılmamalıdır və qiymət artımı yalnız faktlara, arqumentlərə və hadisələrə əsaslanaraq həyata keçirilə bilər”.