Medianews.az
Pişik sahibləri bu xəstəliyə
55 baxış

Pişik sahibləri bu xəstəliyə yoluxa bilər

Pişiklərdən insanlara keçə bilən təhlükəli xəstəliklər mövcuddur.

Medianews.az xəbər verir ki,  bunu Metbuat.az-a açıqlamasında veterinar İlkin Qəmbərli söyləyib. O qeyd edib ki, bu xəstəliklərə toksoplazmoz, quduzluq, dəri xəstəlikləri (göbələk, mikrosporiya və digər növlər), dərialtı gənələr, həmçinin bəzi bağırsaq infeksiyaları, məsələn toksokara daxildir:

“Toksoplazmoz parazitar xəstəlikdir. Əsas sahib pişik olsa da, insan aralıq sahib sayılır. Yoluxma əsasən pişik nəcisilə çirklənmiş torpaqla təmas zamanı baş verir. İnsan torpaqla işləyərkən parazit dırnaq altında qala bilər və gigiyenik qaydalara əməl olunmadıqda ağız yolu ilə orqanizmə düşə bilər. Digər yoluxma yolu isə pişiyin özünü yalaması ilə bağlıdır. Pişiklər təmizkar heyvanlardır, nəcisdən sonra anus nahiyəsini, sonra isə tüklərini yalayırlar. Əgər heyvanda toksoplazma varsa, parazitin yumurtaları dili vasitəsilə tüklərə də keçə bilər. İnsan heyvanı sığalladıqdan sonra əllərini yumadan ağıza toxundurduqda yoluxma baş verə bilər”.

Veterinar həmçinin quduzluq virusunun da heyvanlardan insana keçdiyini vurğulayıb:

“Əsas daşıyıcılar gəmiricilər olsa da, pişiklər də məməli olduqları üçün yoluxa bilirlər. Virus əsasən tüpürcək vasitəsilə keçir. Əgər dəridə yara və ya zədə varsa və ora yoluxmuş heyvanın tüpürcəyi dəyərsə, infeksiya ötürülə bilər. Pişiklərdə əlamətlərə ağız suyunun artması, qəfil qorxu reaksiyaları, qeyri-adekvat davranış, hərarət və göz bəbəklərinin böyüməsi daxildir”.

İ.Qəmbərli dəri xəstəliklərindən də söhbət açıb. Həkimin sözlərinə görə, allergik reaksiyalar istisna olmaqla, onların əksəriyyəti yoluxucudur:

“Bunlara göbələk mənşəli xəstəliklər (xüsusilə mikrosporiya), dərialtı gənələr — demodeks və sarkoptes kimi parazitlər daxildir. Həmçinin bəzi bakterial dermatit növləri də yoluxa bilər. Bağırsaq infeksiyaları da keçə bilər. Məsələn, salmonella növlərinin bəziləri pişikdən insana ötürülə bilir. Bundan əlavə, qurd xəstəlikləri də yoluxucu olur. Bu zaman parazit yumurtaları nəcis vasitəsilə torpağa düşür və insan torpaqla təmas etdikdə, gigiyenaya riayət etmədikdə yoluxa bilər. Yoluxma mexanizmi toksoplazmozda olduğu kimidir, yəni pişik özünü yalayır, yumurtalar tüklərə keçir, insan heyvanı sığallayır və əllərini yumadan ağıza toxundurduqda infeksiya ötürülür”.

Bizə qoşulun