Alimlər müəyyən ediblər ki, fiziki məşqlərdən sonra dözümlülüyün artmasında beynin rolu düşündüyümüzdən daha böyükdür. Neyroelm sahəsində aparılan yeni araşdırma göstərib ki, məşqdən dərhal sonra beyində aktivləşən xüsusi sinir hüceyrələri əzələlərə siqnal göndərərək onların güclənməsinə və uyğunlaşmasına kömək edir.
Medianews.az xəbər verir ki, tədqiqat Pensilvaniya Universiteti, Cekson Laboratoriyası və Texas Universitetinin Cənub-Qərb Tibb Mərkəzinin alimləri tərəfindən aparılıb. Araşdırmanın nəticələri “Neyron” elmi jurnalında dərc olunub.
Alimlər bildirirlər ki, indiyə qədər dözümlülüyün əsasən ürək-damar sistemi və əzələlərdə yaranan dəyişikliklərlə əlaqəli olduğu düşünülürdü. Lakin yeni nəticələr göstərir ki, beyin bu prosesdə aktiv şəkildə iştirak edir və bədənin fiziki fəaliyyətə uyğunlaşmasını koordinasiya edir.
Tədqiqat zamanı siçanlar üzərində bir sıra təcrübələr aparılıb. Beyində xüsusi sinir hüceyrələrinin fəaliyyəti dayandırılan siçanların qaçış zamanı daha tez yorulduğu və məşqlərə baxmayaraq dözümlülüklərinin artmadığı müşahidə olunub. Normal siçanlarda isə müntəzəm məşqdən sonra həm qaçış müddəti, həm də fiziki davamlılıq artıb.
Araşdırma zamanı alimlər maraqlı bir detal da aşkar ediblər. Məlum olub ki, beyindəki bəzi hüceyrələr məşq zamanı deyil, məhz məşqdən dərhal sonra daha aktiv olur. Mütəxəssislərin fikrincə, bu mərhələ bədənin uyğunlaşma prosesində həlledici rol oynayır.
Tədqiqatın müəlliflərindən Kevin Uilyams bildirib ki, beyin fiziki məşqlər zamanı sadəcə müşahidəçi rolunda deyil: “Beyin zamanla insanı daha dözümlü edən dəyişikliklərdə aktiv iştirak edir”.
Araşdırma həmçinin göstərib ki, müntəzəm fiziki fəaliyyət beyində yeni sinir əlaqələrinin yaranmasına səbəb olur. Məşq edən siçanlarda sinir hüceyrələri arasında əlaqələrin daha güclü olduğu müəyyənləşdirilib.
Alimlər hesab edirlər ki, gələcəkdə bu mexanizmlərin daha dərindən öyrənilməsi metabolik xəstəliklər və fiziki zəifliklə bağlı yeni müalicə üsullarının hazırlanmasına kömək edə bilər. Bununla belə, tədqiqat müəllifləri vurğulayırlar ki, bu nəticələr fiziki hərəkətin əhəmiyyətini azaltmır və hazırda araşdırmalar yalnız heyvanlar üzərində aparılıb.