Elektrik avtomobil bazarında narahatlıq yaradan yeni hadisə baş verib – Almaniyanın avtomobil nəhəngi Volkswagen kütləvi geri çağırma qərarı ilə gündəmə gəlib.
Medianews.az xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumata əsasən, şirkət təxminən 100 minə yaxın elektromobili akkumuluyator problemi səbəbindən geri çağırır. Bu qərar əsasən Volkswagen-in ID seriyasına aid modelləri, eləcə də Cupra Born avtomobillərini əhatə edir.
Bildirilir ki, problem batareya modullarının texniki standartlara tam uyğun olmaması ilə bağlıdır. Bu nasazlıq avtomobillərin yürüş məsafəsini azalda bilər, eyni zamanda ən təhlükəli ssenari kimi akkumulyatorun qızaraq alışma riskini də artırır.
Məlumata görə, geri çağırma 2022-ci ilin fevralından 2024-cü ilin avqustuna qədər istehsal olunmuş modellərə şamil edilir. Almaniyada bu kampaniya çərçivəsində on minlərlə avtomobilin olduğu qeyd edilir.
Şirkət problemin aradan qaldırılması üçün proqram təminatının yenilənməsi, yüksək gərginlikli batareyaların yoxlanılması və zərurət yarandıqda bəzi komponentlərin dəyişdirilməsini planlaşdırır./musavat.com