Fevralın 10-da Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilib.
Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens imzalayıblar.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov məsələ ilə bağlı Medianews.az-a açıqlamasında deyib ki, Xartiya süni intellekt üçün böyük bir data mərkəzinin qurulması barədə razılığı da ehtiva edir.
E.Abbasov bildirib ki, sözügedən layihənin baş tutması və mərkəzin ABŞ şirkətləri tərəfindən qurulması ölkəmizin dünyanın ən qabaqcıl rəqəmsal sistemlərinə sahib olması deməkdir: “Bu, təkcə iqtisadi bir addım deyil, həm də gənclərimiz üçün yeni iş yerləri və dünyaca məşhur texnologiyaları yerindəcə öyrənmək fürsətidir. Belə bir əməkdaşlıq Azərbaycanı regionun əsas rəqəmsal mərkəzinə çevirərək yerli startapların və gənc proqramçıların önünü açacaq”.
E.Abbasovun sözlərinə görə, dünyanın nəhəng Amerika İT şirkətlərinin Azərbaycana gəlməsi ölkəmizdə rəqəmsal ekosistemin tamamilə yenilənməsinə təkan verəcək: “Belə ki, "OpenAI", "Anthropic", "Google", "Microsoft" və ya "Amazon" kimi nəhənglərin təcrübəsi və texnoloji bazası yerli bazarda yeni standartlar müəyyən edəcək. Bu şirkətlərin ölkəmizdə fəaliyyətə başlaması həm böyük investisiya axını, həm də azərbaycanlı mütəxəssislərin qlobal layihələrdə birbaşa iştirak etməsi üçün unikal bir şərait yaradacaq.
Azərbaycan gələcəkdə dünyaya sadəcə xam enerji resurslarını deyil, həmin enerjini yüksək texnoloji data mərkəzlərində emal edərək "rəqəmsal dəyər" və intellektual məhsul ixrac edəcək”.
Nailə Qasımova,
Medianews.az