Medianews.az
Əmlaka həbs qərarlarından
129 baxış

Əmlaka həbs qərarlarından şikayət qaydası dəyişir?

Cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı məhkəmə nəzarəti qaydasında mübahisələndiriləcək.

Medianews.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində və İcra haqqında Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, qanun layihəsində təklif edilən əlavə və dəyişikliklər təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxslərin, cinayət prosesində iştirak edən digər şəxslər kateqoriyasına daxil edilməsi, həmin şəxslərin qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi, cinayət prosesində iştirak edən şəxslər kimi apelyasiya, kassasiya, əlavə kassasiya şikayəti vermək hüquqları və qaydalarını tənzim edir.

Təklif olunan ən mühüm dəyişikliklərdən biri də cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarının mülki mühakimə icraatı çərçivəsində deyil, məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsinin nəzərdə tutulmasıdır.

Belə ki, mülki mühakimə icraatından fərqli olaraq məhkəmə nəzarəti qaydasında materiallara baxılması və işin həll edilməsi zaman baxımından daha çevik və operativ baş verir. Üstəlik daha sonra məhkəmə qərarının preyudisial əhəmiyyətinin hansı həddə olması kimi mübahisənin yaranmasının da qarşısı alınmış olur.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bizə qoşulun