Medianews.az
Etibar Məmmədov oğurluq edən yeniyetməni
80 baxış

Etibar Məmmədov oğurluq edən yeniyetməni bağışladı

Azərbaycan Milli İstiqlal Partiyasının tanınmış simaları siyasi təşkilatın lideri Etibar Məmmədovun evindən dollar oğurlanması ilə bağlı məsələyə münasibət bildirib.

Partiyanın sədri Arzuxan Əlizadə “Yeni Sabah”a açıqlamasında deyib ki, hadisəyə dair məlumatı sadəcə mətbuatda olan xəbərlərdən ibarətdir:

“Həmin xəbəri mətbuatda gördüm. Hadisə ilə bağlı məlumatlar xəbərdə əks olunub. Əlavə detallarla bağlı informasiyam yoxdur. Təəssüf ki, bu məsələyə münasibət bildirə bilməyəcəm”. 

AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə Etibar Məmmədovun oğurluğu edən gənci bağışladığını bildirib:

“Bu çoxdan baş vermiş hadisədir. Etibar bəy humanistlik edərək, həmin yeniyetməni bağışlayıb. Ölkədə bu formada yüzlərlə oğurluq hadisəsi baş verir. Azərbaycan Milli İstiqlal Partiyasının maliyyələşmə məsələsinə gəlincə, bu dövlət büdcəsindən təmin olunur. Qanunvericiliyə əsasən, parlamentdə təmsil olunan partiyalara büdcədən müvafiq maliyyə ayrılır. Etibar bəy partiyanın fəaliyyətinə müdaxilə etmir. Ancaq təcrübəli siyasətçi və partiyanın lideri kimi, öz dəyərli tövsiyələrini bizimlə bölüşür. Mən çox istərdim ki, Etibar bəy aktiv siyasətə qayıtsın. Lakin ilk öncə bunu xalq tələb etməlidir”.

Qeyd edək ki, Bakının Sabunçu rayonunda yeniyetmə oğlan villadan oğurluq edib. Hadisə Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində baş verib. Həmin ünvanda yaşayan Etibar Məmmədov və onun oğlu Orxan Məmmədova məxsus üçmərtəbəli evdən 19 min ABŞ dolları (32 300 manat) oğurlanıb. Məlum olub ki, oğurluğu bağ evində ailəsi ilə birlikdə yaşayan bağban Ramil Əbülhəsənovun oğlu Əli Əbülhəsənli törədib. İş üzrə Etibar Məmmədovun oğlu Orxan Məmmədov zərərçəkmiş qismində tanınıb. Orxan Məmmədovun iş adamı olduğu deyilir.

Bizə qoşulun