Türkiyə təmsilçisi “Fənərbağça” yenidən Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun uruqvaylı hücumçusu Darvin Nunyes üçün hərəkətə keçməyə hazırlaşır.
Medianews.az xəbər verir ki, bu barədə jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.
İstanbul klubu yay transfer pəncərəsində 26 yaşlı forvardı heyətinə qatmaq niyyətindədir. Rəhbərlik yanvar ayında transferin reallaşmasına az qalmış vergi məsələləri səbəbindən razılaşma baş tutmayan Nunyes üçün daha uyğun şərtlərdə anlaşma hazırlayır.
Ötən yay 53 milyon avro qarşılığında “Liverpul”dan “Əl-Hilal”a transfer olunan Darvin Nunyes mövsümün ilk hissəsində müntəzəm oyun praktikası əldə edib. Lakin yanvar ayında legioner limiti səbəbindən liqa siyahısına daxil edilməyən 26 yaşlı hücumçu mövsümün sonuna qədər çempionat oyunlarında iştirak edə bilməyəcək.
Bu hadisələrdən sonra futbolçunun bazar dəyəri də azalaraq 25 milyon avroya düşüb. Bir vaxtlar 70 milyon avro qiymətləndirilən hücumçu karyerası ərzində “Almeriya”, “Benfika”, “Liverpul” və “Əl-Hilal” transferləri ilə klublarına ümumilikdə 184 milyon avro qazandırıb.
Qeyd edək ki, “Əl-Hilal”da 24 oyunda meydana çıxan Nunyes 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Uruqvay millisinin üzvü olan Nunyesin 2026-cı il dünya çempionatında iştirak edəcəyi gözlənilir.//Teleqraf