Rəqəmsal ekranlardan nəzarətsiz istifadə təkcə gündəlik vərdiş deyil, ciddi sağlamlıq riski kimi dəyərləndirilir.
Medianews.az xəbər verir ki, mütəxəssislərin fikrincə, xüsusilə qaranlıqda telefon və kompüter ekranına baxmaq görmə problemlərini sürətləndirir və miyopiyanın artmasına səbəb olur.
Göz xəstəlikləri üzrə mütəxəssisi Diclehan Ali Dicle bildirib ki, ekran işığı, xüsusən də uşaqlarda miyopiyanın inkişafını sürətləndirir. Onun sözlərinə görə, tədbir görülməzsə, 2050-ci ilə qədər dünya əhalisinin təxminən yarısı eynəkdən istifadə etməli olacaq.
Mütəxəssis qeyd edib ki, qaranlıq mühit orqanizmi yuxuya hazırlayan təbii prosesdir. Telefon və planşet ekranlarından yayılan işıq isə yuxunu tənzimləyən melatonin hormonunun ifrazını azaldır. Bu da yuxuya getməni çətinləşdirir və yuxu keyfiyyətini aşağı salır.
Dr. Dicle uşaqlarda ekran vaxtının gündə iki saatdan artıq olmamasını tövsiyə edərək, qaranlıqda ekran istifadəsinin riski daha da artırdığını vurğulayıb. O, uzun müddət ekrana baxanlar üçün “20-20-20” qaydasını da xatırladıb: hər 20 dəqiqədən bir, 20 saniyə ərzində təxminən 6 metr uzağa baxmaq göz yorğunluğunu azaldır.
Mavi işıq filtrli eynəklərin hər kəs üçün eyni dərəcədə faydalı olmadığını deyən mütəxəssis əlavə edib ki, ən effektiv üsul ekran müddətini azaltmaq və xüsusilə qaranlıq mühitdə telefondan istifadə etməməkdir. Bu vərdiş həm göz sağlamlığına, həm də yuxu keyfiyyətinə müsbət təsir göstərir.
Medianews.az