Hindistanda gecə fəaliyyət göstərmək üçün icazəsi olmayan kafeyə polis basqını zamanı baş verənlər geniş narazılığa səbəb olub.
Medianews.az xəbər verir ki, təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdə polis əməkdaşının əlindəki dəyənəklə obyektin avadanlıqlarına və əşyalara zərər vurduğu görünür.
Hadisə gecə saatlarında, kafedə müştərilər olduğu vaxt baş verib. Kadrlarda uniformada olan polis əməkdaşının heç bir xəbərdarlıq etmədən kassanın yerləşdiyi hissəyə yaxınlaşaraq piştaxtaya, şüşə arakəsmələrə və üzərindəki məhsullara zərbələr endirdiyi əks olunub. Bu zaman bəzi müştərilər təşviş içində məkanı tərk edib, digərləri isə baş verənləri mobil telefonla lentə alıb.
Məlumata görə, polis reydinin səbəbi obyektin gecə saatlarında fəaliyyətini davam etdirməsi və bunun üçün tələb olunan gecə iş rejimi icazəsinin olmaması olub. Lakin inzibati pozuntuya görə polis əməkdaşının əmlaka zərər vurması sosial şəbəkələrdə kəskin tənqid edilib.
Hadisənin görüntüləri qısa zamanda geniş yayılıb. Sosial şəbəkə istifadəçiləri polis əməkdaşının davranışını "vandalizm" və səlahiyyətlərdən sui-istifadə kimi qiymətləndiriblər.
Hazırda hadisədə iştirak edən polis əməkdaşları ilə bağlı rəsmi araşdırmanın başlanıb-başlanmayacağı barədə məlumat verilməyib.