Qazaxıstanda influenserin çantasında olan "powerbank"ın qəfil partlaması nəticəsində baş verən dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, 27 yaşlı qazaxıstanlı influenser Dilyara Khamzina idman zalından çıxmağa hazırlaşarkən çiynindəki çantada olan "powerbank" qəfil alışaraq partlayıb.
Görüntülərdə əvvəlcə çantadan tüstü qalxdığı, bir neçə saniyə sonra isə cihazın böyük alov topuna çevrildiyi görünür.
Hadisə nəticəsində gənc qadının üz nahiyəsində, baş dərisində, saçlarında, qaş və kirpiklərində ciddi yanıqlar əmələ gəlib. Bədəninin sağ tərəfi də xeyli zərər görüb. Panika içində qalan Khamzina yanan çantanı üzərindən atmağa çalışıb.
İdman zalının əməkdaşları alovun söndürülməsi üçün dərhal müdaxilə edib. Hadisə yerinə çağırılan təcili tibbi yardım ona ilkin yardım göstərib, daha sonra isə yanıq mərkəzinə aparılıb.
Başına gələnləri sosial şəbəkədə paylaşan influenser elektron cihazlardan istifadə zamanı daha diqqətli olmağın vacibliyini vurğulayıb. O, xüsusilə çatlamış, zədələnmiş və ya mənşəyi bilinməyən "powerbank"ların isti havalarda ciddi təhlükə yarada biləcəyini bildirib. Hadisənin baş verdiyi gün havanın temperaturunun təxminən 32 dərəcə olduğu qeyd edilir.
Medianews.az