Medianews.az
İkinci
101 baxış

İkinci Hidayət müəllim

Azərbaycan idmanında problem çoxdur. Həmin problemlər zaman-zaman qarşımıza çıxır, illərlə öz mövcudluğunu göstərir. Bizim idmançıların xarakterindəki qüsurlar, şan-söhrətdən başgicəllənməyə meyilli olmaları, onlara verilən külli-miqdarda mükafatlardan sonra özlərini itirmələri belə problemlərin başında gəlir.
Nahaq yerə "zirvəyə ucalmaq çətindirsə, zirvədəki yerini qorumaq ondan da çətindir” demirlər. Bizim idmançılar, xüsusən də olimpiya çempionu adını qazananlar bunu bacara bilmir. Yaxşı başa düşürük ki, dünya, Avropa və olimpiya çempionu olmaq hər adamın bacara biləcəyi iş deyil. Bunun üçün illərlə əziyyət çəkmək, gərgin məşqlər etmək, o məşqlərdə tər axıtmaq vacibdir. Eyni zamanda da daim idman formasını qorumaq üçün rejiminə diqqət etməlisən, vaxtında yatıb-durmalısan, qida seçimində diqqətli olmalısan. Çempion olmaq istəyirsənsə, hər istədiyini yeyə bilməzsən. İstedad da ki, öz yerində. İstedadın olmasa, ha məşq et və pəhriz saxla. Bununla çempion ola bilməyəcəksən.
Bütün bu xüsusiyyətləri özündə birləşdirib, tələblərə əməl edəndən sonra həmin o zirvəyə yüksəlirsən, olimpiya çempionu olmağı bacarırsan. Daha çətin günlər də bundan sonra başlayır.
 
Azərbaycanda olimpiya çempionları xüsusi imtiyazlı şəxslərdir. Bu adı qazanan həm dövlətin ən yüksək qayğısı təmin edilir, həm də mükafatlar çempionun başına yağdırılır. Dövlətimiz, MOK, federasiyalar, ayrı-ayrı sponsorlar təxminən bir milyon manat mükafatı çempion olan idmançının hesabına köçürür. Davamı elit yaşayış kompleksində mənzillə, bahalı avtomobillə gəlir. İndi gəl bu qədər sərvətdən sonra idman rejimini qoru, məşq et, özünə əziyyət ver. Bizim çempionlar bunu bacarmırlar, elə buna görə də Azərbaycandan ikiqat olimpiya çempionu çıxmır. 
Paralimpiyada cüdoçu İlham Zəkiyev ikiqat çempion adını qazanmağı bacarıb. Amma olimpiya oyunlarında bunu bacaran olmayıb. Cüdoçu Elnur Məmmədli, güləşçi Toğrul Əsgərov nümunələri var. Təəssüflər olsun ki, uğurun davamını gətirmək onlara qismət olmadı. Bunun da səbəbi az əvvəl qeyd etdiyim məqamlardır. Birdən-birə milyonçuya çevrilən idmançı göydən yerə enmək, tatami və döşəkçə üzərində əziyyət çəkmək, idman rejiminə əməl etmək istəmir. Yaxud da istəyir, bunu bacarmır.
İndi də cüdoçu Hidayət Heydərov bu yolu tutub. 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 73 kq çəki dərəcəsində qızıl medal qazan Hidayət bir andaca Azərbaycan xalqı üçün qəhrəmana çevrildi. "Şöhrət” ordeninə də layiq görülən Heydərov özünü bir andaca şöhrətin zirvəsində hiss etdi. Ondan sonra da olimpiya çempionunun karyerasında eniş başladı, Hidayət özünü ərköyün aparmağa başladı. Heç də təsadüfi deyil ki, Parisdən sonra Hidayət hansısa ciddi yarışda uğur qazana bilməyib. Ötən ilin iyununda Budapeştdə keçirilən dünya çempionatında olimpiya, dünya və Avropa çempionu Hidayət ilk görüşdəcə məğlub oldu.
Artıq Cüdo Federasiyasının da "səbr kasası” daşıb. İki gün bundan əvvəl federasiya Hidayət haqqında açıqlama yayıb. Həmin açıqlamada bildirilir ki, Hidayət Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük dəbilqə” turnirində tatamiyə çıxmayacaq. Buna səbəb isə Heydərovun çəkisini sala bilməməsidir. O, 73 kq-da yarışa qatılmalı olsa da, çəkisi buna uyğun gəlməyib. Nəticədə daxili intizam qaydalarına uyğun olaraq cəzalandırlıb və yarışda iştirak etməyəcək.
Gözümüzün önündə daha bir istedadı itiririk. "Bəyin oğurlanması” filmində Hidayət müəllim "bu kino ki var, həm qəlizdir, həm də vacib” deyir. Adaşının sözlərinə yaxşı-yaxşı qulaq as, hörmətli Heydərov. İdman da elədir, vacib olmasaydı, çempionların başına milyonlar tökməzdilər. İndi zəhmət çəkmək, həmin o milyonların qarşılığını vermək lazımdır. MOK-da, federasiyalar da bu olaylardan dərs çıxarmalıdır, idmançıları birdən-birə milyonçuya çevirməklə onları məhv etmək vərdişinə son qoymalıyıq. Yoxsa heç vaxt ikiqat olimpiya çempionumuz olmayacaq.

Bizə qoşulun