Medianews.az
İkipalatalı parlament dövrü bitdi -
218 baxış

İkipalatalı parlament dövrü bitdi - Qazaxıstan seçkiyə gedir

Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev avqustun 23-nə parlament seçkisi təyin edib.

Medianews.az bildirir ki, bu seçki yeni konstitusiyanın tələbidir.

İyulun 1-dən qüvvəyə minən yeni ana qanunla ikipalatalı (Məclis və Senatdan ibarət) parlament dövrü bitib. Martın 15-i referendumda qəbul edilmiş konstitusiyaya görə, birpalatalı parlament – Qurultay proporsional sistemlə (partiya siyahıları üzrə) 5 il müddətinə seçilən 145 nəfərdən ibarət olur.

Yenilənmiş konstitusiya dövlət başçısının – prezidentin ümumxalq səsverməsində 7 il müddətinə seçilməsini nəzərdə tutur. Heç kim bir dəfədən artıq dövlət başçısı mandatı ala bilməz. Bu normanın dəyişdirilməsi yasaqdır.

Prezident vitse-prezidenti, baş naziri parlamentin razılığı ilə təyin edir.

Hökumət üzvlərinin təyinatında (xarici işlər, müdafiə və daxili işlər nazirlərindən başqa) baş nazirin təqdimatı əsas götürülür.

1953-cü il təvəllüdlü Qasım-Comərd Tokayev 1992-ci ildən Qazaxıstan xarici işlər nazirinin müavini, 1993-cü ildən birinci müavini olub. 1994-cü ildə xarici işlər naziri postuna təyinat alıb, 1999-cu ildə əvvəl baş nazirin müavini, ardınca baş nazir vəzifəsinə keçirilib.

2002-ci ildən Qasım-Comərd Tokayev dövlət katibi-xarici işlər naziri, 2003-cü ildən xarici işlər naziri postlarında fəaliyyət göstərib, 2007-ci ildən parlamentin yuxarı palatası olan Senata sədrlik edib.

2011-ci ildən BMT baş katibinin müavini olan Qasım-Comərd Tokayev 2013-cü ildə yenidən Senatın sədri seçilib.

2019-cu il martın 20-də Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev istefa verib, Qasım-Comərd Tokayev prezident andı içərək dövlət başçısı kürsüsünə oturub, həmin il iyunun 9-da keçirilmiş növbədənkənar prezident seçkisində qalib gəlib.

2022-ci il sentyabrın 17-də prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılıb, bir dəfədən artıq seçilməyə yasaq qoyulub, noyabrın 20-də Qasım-Comərd Tokayev daha bir növbədənkənar seçkidə yenidən prezident mandatı alıb.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun