Medianews.az
Klub turnirlərində 9 ölkənin 24 komandası qalır
154 baxış

Klub turnirlərində 9 ölkənin 24 komandası qalır

UEFA-nın klub turnirlərinin 2025-2026 mövsümündə 9 ölkənin 24 komandası qalır: Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının hər birində 8 komanda dörddə bir finaldadır.

Çempionlar Liqasında 5 komanda (“Real”, “Bavariya”, “Liverpul”, “Barselona”, PSJ), Avropa Liqasında 1 komanda (“Portu”) titulludur, Konfrans Liqasında isə belə komanda yoxdur.

Medianews.az bildirir ki, İspaniya turnirlərdə 6, İngiltərə 5, Almaniya və Portuqaliya 3, İtaliya və Fransa 2, Niderland, Yunanıstan və Ukrayna 1 komanda ilə təmsil olunur.

Avropa Liqasının finalı mayın 20-nə (İstanbul), Konfrans Liqasının finalı mayın 27-nə (Leypsiq), Çempionlar Liqasının finalı mayın 30-na (Budapeşt) təyin olunub.

55 üzvü olan UEFA-nın klub reytinqinə İngiltərə başçılıq edir. Azərbaycan 27-cidir.

Reytinq klub turnirlərinin son beş mövsümündə qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır. Liqa mərhələsindən başlayaraq finala qədər bonus xalları da var.

Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.

Azərbaycan bu mövsümü 5,812 əmsalla başa vurub.

1955-ci ildən keçirilən, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış Çempionlar Liqasında “Real” 15, “Milan” 7, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika”, “Nottingem Forest”, “Yuventus”, “Portu” və “Çelsi” 2, “Seltik”, “Feyenoord”, “Aston Villa”, “Hamburq”, “Styaua”, PSV, “Srvena Zvezda”, “Marsel”, “Borussiya” (Dortmund), “Mançester Siti” və PSJ 1 dəfə qalib olub.

1971-ci ildən keçirilən, 2009-cu ilədək UEFA kuboku adlanmış Avropa Liqasında “Sevilya” 7, “Tottenhem”, “Liverpul”, “Yuventus”, “İnter” (İtaliya) və “Atletiko” 3, “Feyenoord”, “Borussiya” (Mönhenqladbah), “Ayntraxt” (Frankfurt), “Höteborq”, “Real”, “Parma”, “Portu” və “Çelsi” 2, PSV, “İpsviç”, “Anderlext”, “Bayer”, “Napoli”, “Ayaks”, “Bavariya”, “Şalke”, “Qalatasaray”, “Valensiya”, SSKA (Rusiya), “Zenit”, “Şaxtyor” (Ukrayna), “Mançester Yunayted”, “Vilyarreal” və “Atalanta” 1 uğur qazanıb.

2021-ci ildən keçirilən Konfrans Liqasını “Roma”, “Vest Hem”, “Olimpiakos” və “Çelsi” 1 dəfə udub.

Medianews.az

Bizə qoşulun