Bakının mərkəzində, Yasamal rayonu, İsmayıl Bəy Qutqaşınlı küçəsi, ev 29 ünvanında yerləşən mənzillə bağlı yaşanan qalmaqallı proses davam edir.
Musavat.com-a müraciət edən 86 yaşlı Piruzə Abusət qızı İbrahimova "Lux Residence" tikinti şirkəti tərəfindən qanunsuz şəkildə evindən çıxarılmağa cəhd edildyini deyir. Şikayətçi deyir ki, şirkət eyni ərazidəki digər sakinlərlə fərqli, yaşlı qadınla isə tamamilə fərqli şərtlərlə danışıqlar aparır. Onun sözlərinə görə, "Lux Residence" ərazidəki digər sakinlərlə razılığa gələrkən, mənzilin hər kvadrat metri üçün 4000–5000 min manat civarında təzminat təklif edib. Lakin 86 yaşlı Piruzə İbrahimovaya təklif olunan məbləğ bu rəqəmin yarısından da aşağıdır. Daha maraqlısı odur ki, şirkət həmin ərazidəki 11 kvadrat metrlik mənzillərin sahiblərinə belə yeni binadan 45 kvadrat metrlik tam təmirli mənzil verib. Münaqişə qısa müddətdə məhkəmə müstəvisinə daşınıb. İşin gedişatında maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, Piruzə İbrahimovanın mənzilinin rəsmi sənədlərdə 76 kvadrat metr olmasına baxmayaraq, tikinti şirkəti məhkəməyə bunu 55 kvadrat metr kimi təqdim edib. Məhkəmə sahənin 76 kvadrat metr olduğunu təsdiqləsə də, hər hansı bir əsaslandırma aparmadan hər kvadrat metr üçün ödənişi cəmi 2200 manat müəyyən edib.
Qərarın bu şəkildə verilməsi isə rüşvət ehtimalını ortaya çıxarıb. Hətta digər sakinlərin 5000 min manatlıq müqavilələri hakimə sübut kimi təqdim olunsa da, hakim sənədlərə baxmayaraq belə bir əsassız qərar verib. Hazırda şirkət sadəcə hüquqi yollarla deyil, həm də psixoloji və fiziki təzyiqlərlə yaşlı qadını mənzilindən çıxarmağa çalışır. Piruzə İbrahimova deyir ki, yaşadığı evin damını şirkət işçiləri yararsız hala salıb, nəticədə içəri yağış suları dolur. Şirkətin həmin ərazidəki yeni tikilən binaların hər kvadratını "katlavan" mərhələsində 6 min manatdan, qeyri-yaşayış sahələrini isə 12-15 min min manatdan satışa çıxardığı məlumdur.
Belə bir vəziyyətdə 86 yaşlı qadının mülkiyyətinin dəyərinin süni şəkildə aşağı salınması ciddi narazılıq doğurur. Çıxılmaz vəziyyətdə qalan 86 yaşlı Piruzə İbrahimova ölkə rəhbərliyinə, özəlliklə 1-ci xanıma müraciət etməklə haqq ədalətin bərpası üçün dəstək istəyib. Bəs şirkət niyə məhz Piruzə İbrahimovanı hədəf seçib və onun mənzilini yarı qiymətə almaqda bu qədər israrlıdır? Məsələ ilə bağlı tikinti şirkətinin münasibətini öyrənməyə çalışsaq da, sualımıza cavab verən olmadı. Bununla belə qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Qeyd: “Lux Residence” tərəfindən ərazidə yaşayan digər sakinlərə hər kvadrat metr üçün təxminən 5 min AZN ödənilməsini təsdiq edən sənədləri də təqdim edirik:



