Macarıstanda aprelin 12-də keçiriləcək parlament seçkisi öncəsi rəy sorğusunun nəticələri açıqlanıb.
Medianews.az bildirir ki, Kompas İnstitutunun martın 31-dən aprelin 4-dək 1000 seçici arasında apardığı telefon sorğusunda əsas müxalif qüvvə - Peter Madyarın liderlik etdiyi sağ mərkəzçi Hörmət və Azadlıq Partiyası 51 faizlə önə çıxıb.
Baş nazir Viktor Orbanın liderlik etdiyi sağ təmayüllü hakim Macar Vətəndaş İttifaqına dəstək (müttəfiqi və koalisiya ortağı Xristian Demokrat Xalq Partiyası ilə birgə) 40 faiz həddində göstərilir.
Qalan qüvvələrin mümkün səsi 5 faizə çatmır.
199 nəfərlik parlamentin 106 üzvü majoritar sistemlə (dairələr üzrə), 93 üzvü proporsional sistemlə (partiya siyahıları üzrə) seçilir. Hökumət qurmaq üçün 100 mandat almaq gərəkdir.
1963-cü il təvəllüdlü Viktor Orban 1998-2002-ci illərdə baş nazir olub. 2010-cu ildən eyni postu tutur. Onun əsas rəqibi - 1981-ci il təvəllüdlü Peter Madyar 2002-2024-cü illərdə Macar Vətəndaş İttifaqının üzvü olub. Viktor Orbanla yolları ayrılandan sonra Peter Madyar Hörmət və Azadlıq Partiyasına qoşularaq 2024-cü il iyulun 22-də qurumun lideri seçilib.