Medianews.az
Məşhur aparıcı anasını tapana 1 milyon dollar verəcək
54 baxış

Məşhur aparıcı anasını tapana 1 milyon dollar verəcək

ABŞ-də tanınmış televiziya aparıcısı Savannah Guthrie evindən qaçırılan və həftələrdir itkin düşən 84 yaşlı anası Nensi Guthrienin tapılması üçün ictimaiyyətə müraciət edib.

Medianews.az xəbər verir ki, NBC kanalında yayımlanan “Today” proqramının aparıcısı sosial media hesabında paylaşım edərək anasının gecə saatlarında yatağından götürüldüyünü və 24 gündür ondan heç bir xəbər olmadığını bildirib.

Guthrie açıqlamasında anasının tapılmasına kömək edəcək məlumat verən şəxslərə 1 milyon dollara qədər mükafat təklif etdiyini bildirib. O, məlumat verənlərin kimliyinin istək əsasında məxfi saxlanılacağını da vurğulayıb.

Məşhur aparıcı “Onun harada olduğunu bilməliyik. O, evə qayıtmalıdır” deyə çağırış edib.

Federal Təhqiqat Bürosu (FTB) Nensi Guthrie-nin yerinin müəyyən edilməsinə və ya hadisə ilə əlaqəli şəxslərin tutulmasına kömək edəcək məlumat üçün 100 min dollar mükafat elan edib.

FTB direktoru Kash Patel bildirib ki, yanvarın 31-də sonuncu dəfə əlaqə saxlanılan Guthrie-nin evindəki təhlükəsizlik kameralarının görüntüləri araşdırılıb.

FTB və Pima Şəhər Şerif Departamentinin birgə araşdırması nəticəsində hadisə gecəsi təhlükəsizlik kamerasına müdaxilə edən silahlı və maskalı şəxsin müəyyən edildiyi açıqlanıb.

Bundan əlavə, evdən təxminən üç kilometr aralıda tapılan əlcəkdən götürülmüş DNT nümunələrinin, həmin gecə evin qarşısında görüntülənən şübhəlinin taxdığı əlcəklə uyğun gəldiyi bildirilib.

Savannah Guthrie həmçinin İtkin Düşmüş və İstismar Edilmiş Uşaqlar üçün Milli Mərkəzə 500 min dollar ianə etdiyini açıqlayıb. O, açıqlamasında minlərlə ailənin oxşar qeyri-müəyyənlik yaşadığını bildiyini və göstərilən diqqətin bütün itkin ailələrinə dəstək olacağına ümid etdiyini deyib.

Hazırda istintaq davam edir. FTB hadisə ilə bağlı məlumatı olan şəxsləri rəsmi qaynar xətt və onlayn platformalar vasitəsilə müraciət etməyə çağırıb.

Medianews.az

Bizə qoşulun