Yaponiyanın tanınmış sabiq futbolçusu Keisuke Honda İranın 2026-cı il FIFA Dünya Kubokunda iştirakını dəstəklədikdən sonra ABŞ şirkətlərindən biri ilə reklam müqaviləsinin ləğv edildiyini açıqlayıb.
Medianews.az xəbər verir ki, 39 yaşlı keçmiş futbolçu sosial şəbəkədə paylaşdığı mesajda bildirib ki, İran millisinin Dünya Kubokunda iştirak etməsini istədiyini açıq şəkildə ifadə etdikdən sonra ABŞ mərkəzli bir şirkət onunla olan reklam əməkdaşlığını dayandırıb.
Honda mövzu ilə bağlı açıqlamasında belə deyib: “Bilirəm ki, bu çox həssas mövzudur, amma şəxsən İranın Dünya Kubokunda iştirak etməsini istəyirəm”.
Daha sonra etdiyi digər paylaşımda isə sabiq futbolçu bildirib ki, həmin açıqlamadan sonra ABŞ şirkəti ilə planlaşdırılan reklam layihəsi dayandırılıb. O, qərarı tənqid edərək “Belə pis qərarlar verən şirkətlər olmadan daha yaxşıyıq” sözlərini işlədib.
Qeyd edək ki, Keisuke Honda karyerası ərzində İtaliyanın “Milan”, Niderlandın “Vitesse” və Braziliyanın “Botafogo” kimi klublarında çıxış edib. O, Yaponiya milli komandasının heyətində keçirdiyi 98 oyunda 37 qola imza atıb. Honda futbolçu karyerasını 2024-cü ilin sonunda başa vurub.
Medianews.az